...

Şahin Mustafayev müraciətləri dinlədi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2016 15:43 (UTC +04:00)
İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edib.
Şahin Mustafayev müraciətləri dinlədi (FOTO)

Bakı. Trend:

Dövlət başçısının tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu 2016-cı ildə də davam etdirilir. Bu il iqtisadiyyat naziri Şahin Mustafayevin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 22-də Saatlıda keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gənclər Mərkəzində təşkil edilmiş vətəndaş qəbulunda Ş.Mustafayev Saatlı, İmişli və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciətlərini dinləyib, qaldırılan mәsәlәlәrin operativ həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Nazirliyin səlahiyyətlərinə aid müraciətlərin bir qismi yerindəcə öz müsbət həllini tapıb, bəzi vətəndaşlara müraciətləri ilə bağlı izahatlar verilib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə icra vəziyyəti nəzarətdə saxlanılmaqla müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin, suvarma infrastrukturunun yaradılması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq, meyvə emalı və meyvə konsentratı istehsalının təşkili, iri fermer təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin ayrılması, sosial və s. məsələlərlə əlaqədar müraciət ediblər.

Eyni zamanda qəbulda iştirak edən sahibkarlarla müzakirələr aparılıb, onların heyvandarlıq, quşçuluq, pambıq istehsalı və emalı, istixana təsərrüfatının yaradılması, çörək və qənnadı məhsullarının istehsalı, mebel istehsalı və s. sahələr üzrə təklifləri dinlənilib, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbulda iştirak edən sahibkarlar lisenziyalaşdırma sahəsində inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində atılan addımları böyük razılıqla qarşılayıb və dövlət başçısına sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.

Ümumilikdə, Saatlıda keçirilmiş qəbulda 70-ə yaxın vətəndaş müraciət edib.

Qeyd edək ki, iqtisadiyyat naziri Ş.Mustafayev tərəfindən indiyədək bölgələrdə 34 vətəndaş qəbulu keçirilib, bu qəbullarda 1900-ə yaxın vətəndaş müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti