...

Nazir: Tikinti sahəsində elektron sistemin tətbiqindən sonra problemlər aradan qalxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 13:05 (UTC +04:00)
"Tikinti sahəsində su, kanalizasiya, elektrik enerjisi və təbii qaz üçün texniki şərtlərin alınması ilə bağlı problemlər mərhələ-mərhələ aradan qaldırılacaq".
Nazir: Tikinti sahəsində elektron sistemin tətbiqindən sonra problemlər aradan qalxacaq

Bakı. Elçin Mehdiyev - Trend:

"Tikinti sahəsində su, kanalizasiya, elektrik enerjisi və təbii qaz üçün texniki şərtlərin alınması ilə bağlı problemlər mərhələ-mərhələ aradan qaldırılacaq".

Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib.

Nazir bildirib ki, bütün lazımi işlər görülməlidir ki, tikinti sahəsində canlanma müşahidə olunsun. K.Heydərov tikinti işlərinin saxlanılması ilə bağlı məsələyə də münasibət bilidirb: "Tikinti işləri ancaq təhlükəsizlik səbəbi ilə məhkəmənin qərarı ilə saxlanıla bilər".

K.Heydərov vurğulayıb ki, tikinti sahəsində yaradılan problemlər süni problemlərdir və bunları açıq söyləyib aradan qaldırmaq lazımdır: "Biz bunu yaxın zamanlarda etməliyik ki, gələcək problemlər olmasın".

Nazir həmçinin bildirib ki, əvvəllər bəzi binalar ekspertizadan keçmədən istismara verilib: "Əvvəllər bəzi sahibkarlar tikdikləri binaları heç bir dövlət qurumu tərəfindən ekspertiza aparılmadan istismara veriblər. Bu binalar heç bir təhlil olmadan istismara verildiyinə görə, həmin binalarda işığa, qaza məhdudiyyət qoyanda sakinlər narazıçılıq edir, bəziləri isə ümumiyyətlə o mənzillərdə yaşamırlar. Xaricə gediblər və beləliklə, dövlət qurumlarına problemlər yaradırlar. Son illər bu hallar müşahidə olunmur, ancaq çalışıb bundan sonra da bu hallara yol verməməliyik və hər kəs öz üzərində düşən işi yerinə yetirməlidir".

K.Heydərov vurğulayıb ki, yerli icra strukturları tərəfindən əvvəllər tikinti sahəsində yol verilən neqativ hallara bundan sonra yol verilməyəcək.

Nazir qeyd edib ki, yaxın vaxtlarda tikinti sahəsində sənədləşmə ilə bağlı elektron sistemin tətbiqindən sonra problemlər aradan qalxacaq.

K.Heydərov bildirib ki, bu sistem bir növ vahid pəncərə rolunu oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti