...

Niyazi Səfərov: Azərbaycan sənayenin əsas inkişaf istiqamətlərini müəyyənləşdirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 14:18 (UTC +04:00)
“Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.
Niyazi Səfərov: Azərbaycan sənayenin əsas inkişaf istiqamətlərini müəyyənləşdirib (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Fevralın 23-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Sənayenin inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə sənayenin maşınqayırma, metallurgiya, kimya, tikinti, qida və mebel sahələrində fəaliyyət göstərən 50-dən çox müəssisənin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər barədə məlumat verib, qeyri-neft sektorunun inkişafında sənaye zonaları, parkları və məhəllələrinin əhəmiyyətini vurğulayıb. N.Səfərov sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işləri, aparılan islahatları diqqətə çatdırıb, iqtisadi fəallığın artırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə qəbul edilən normativ aktlar barədə məlumat verib. Vurğulanıb ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin inkişafına, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılmasına, Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyinin artırılmasına əlavə stimul yaradır.

Sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. Bu prioritetlərə uyğun olaraq, sənayenin inkişafına dövlət dəstəyi, eləcə də yeni istehsal sahələrinin yaradılması və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.

Sonra Sahibkarlar (İşəgötürənlər) Təşkilatlari Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların özəl bölmənin inkişafında əhəmiyyətini vurğulayıb, həyata keçirilən tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına yeni imkanlar yaratdığını qeyd edib.

Tədbirdə, həmçinin "Mətanət-A" şirkətinin direktoru Elxan Bəşirov, "Bakusteel Company" MMC-nin vitse-prezidenti Ramin Kərimov, "Bakı əlvan metallar və ferroərintilər" şirkətinin icraçı direktoru Şamil Rzayev, Türkiyənin "Damora" şirkətinin rəhbəri Rafət Vergili təqdimatlarla çıxış edib, təmsil etdikləri şirkətlərin fəaliyyəti və inkişaf istiqamətləri barədə məlumat veriblər.

Tədbir çərçivəsində "Bakı əlvan metallar və ferroərintilər" şirkəti və Türkiyənin "Demora" şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkında ferroərintilərin istehsalı üzrə zavodun tikilməsinə dair müqavilə imzalanıb.

Tədbirin sonunda Azərbaycan Prezidentinin sərəncamı ilə təltif edilmiş sənaye mütəxəssislərinə "Tərəqqi" medalı və onun vəsiqələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti