...

Prezident İlham Əliyev: "Şimal-Cənub" dəhlizi təkcə ölkələrimiz üçün deyil, qitələr üçün böyük əhəmiyyət daşıyan layihədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2016 16:18 (UTC +04:00)
Şadam ki, bizim iqtisadi əlaqələrimiz uğurla inkişaf edir. Bu gün geniş tərkibdəki görüşdə məlumat verildi ki, bu il ticarət dövriyyəsi 66 faiz artıb. Bu çox yaxşı göstəricidir.
Prezident İlham Əliyev: "Şimal-Cənub" dəhlizi təkcə ölkələrimiz üçün deyil, qitələr üçün böyük əhəmiyyət daşıyan layihədir

Bakı. Trend:

Şadam ki, bizim iqtisadi əlaqələrimiz uğurla inkişaf edir. Bu gün geniş tərkibdəki görüşdə məlumat verildi ki, bu il ticarət dövriyyəsi 66 faiz artıb. Bu çox yaxşı göstəricidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Azərbaycan və İran arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatda çıxışında deyib.

Prezident İlham Əliyev bildirib: "Nəzərə alsaq ki, bu gün dünyada hələ ki iqtisadi, maliyyə böhranı davam edir, bu şəraitdə bu nailiyyəti əldə etmək üçün hesab edirəm ki, böyük səylər qoyulmalı idi və qoyuldu. Hökumətlərarası birgə komissiya çox uğurla, fəal işləyir və iqtisadi sahədə gələcək əməkdaşlıq haqqında bu gün geniş fikir mübadiləsi aparılıb. Şadam ki, səfər ərəfəsində dünən Neftçala şəhərində İran Xodro şirkətinin istehsal edəcəyi avtomobil zavodunun təməl daşı qoyuldu. Bu da əməkdaşlığımızın çox yaxşı nümunəsidir. Hər il 10 mindən çox avtomobil istehsal ediləcək və bu, əməkdaşlığın yeni formasıdır, bu vaxta qədər belə bir əməkdaşlıq olmayıb.

Dövlət başçısı qeyd edib ki, bu gün digər sahələrdə də birgə fəaliyyət haqqında geniş fikir mübadiləsi aparılıb, xüsusilə yaxın zamanlarda Azərbaycanda İran texnologiyası ilə çalışacaq dərman preparatları zavodunun tikintisi də nəzərdə tutulur: "Əlbəttə, bu gün energetika və nəqliyyat problemlərinin həlli üçün yeni imkanlar açılır. Şadam ki, İmişli-Parsabad xətti birləşdi. Bu xətt həm iki ölkə arasındakı əlaqələrə və regional əməkdaşlığa çox müsbət təsir göstərəcək. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində də çox önəmli addımlar atılıb. Keçən il İrandan qayıdandan sonra fevral ayında mən müvafiq göstərişlər vermişəm, onlar icra edilir və bu ilin sonuna qədər söz verdiyim kimi Azərbaycan öz dəmir yolunu İran sərhəddinə qədər uzadacaq və bununla bərabər bu il İran və Azərbaycan rəsmilərinin iştirakı ilə Astaraçay üzərində körpünün tikintisi artıq başlayıb, işlərin böyük hissəsi artıq görülüb. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün memorandum imzalanıb və Azərbaycan tərəfi bu layihənin gələcək maliyyələşməsində iştirak etmək arzusundadır. Onu da bildirməliyəm ki, bu məsələ, eyni zamanda, energetika ilə bağlı olan məsələlər sabah İran, Rusiya, Azərbaycan prezidentlərinin birinci zirvə görüşündə də müzakirə olunacaq".

Prezident İlham Əliyev sonra deyib: "Onu da qeyd etməliyəm ki, bu üçtərəfli format yeni bir təşəbbüsdür və çox önəmli bir addımdır: "Təbii ki, bu formatın əsasında ikitərəfli əlaqələr dayanır. Azərbaycanın İranla və Rusiya ilə çox yaxşı münasibətləri var. Bilirəm ki, Rusiya-İran əlaqələri də çox yaxşı səviyyədədir. Ona görə bu üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında həm tarix, çoğrafiya, eyni zamanda, bizim müştərək layihələrimiz dayanır. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə ölkələrimiz üçün deyil, qitələr üçün böyük əhəmiyyət daşıyan layihədir və sabah bu layihənin gələcək icrası ilə bağlı çox önəmli addımlar atılacaq. İkitərəfli formata gəldikdə isə geniş spektr məsələlər müzakirə olundu. Turizm sahəsində çox yaxşı perspektivlər var. Artıq İran vətəndaşları Azərbaycana sadələşdirilmiş viza rejimi əsasında gələ bilərlər və Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu açılır, hava nəqliyyatı istiqamətində çox yaxşı mənzərə müşahidə olunur, uşuşların sayı artır. Ekologiya, Xəzər dənizinin məsələləri də müzakirə olundu. Bütün müzakirə olunan məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Bizim əsas istəyimiz Azərbaycan-İran əlaqələrini inkişaf etdirmək, xalqlarımızın maraqlarını müdafiə və təmin etmək, siyasi, iqtisadi, humanitar əlaqələrimizi möhkəmləndirməkdir. Cənab Prezident Həsən Ruhaninin Azərbaycana bu günki səfəri bu istiqamətdə atılan çox önəmli addımdır. Mən bir daha yenidən Azərbaycana səfər etdiyiniz üçün sizə minnətdaram, sizə və qardaş İran xalqına yeni uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti