Bakı. Trend:
“AzSığorta” ASC mayın 24-də tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyi ilə əlaqədar hazırladığı “Ad günün mübarək, Azərbaycan!” videoçarxının təqdimat mərasimini keçirib.
ASC-dən Trend-ə verilən məlumata görə, tədbirdə “AzSığorta” ASC-nin rəhbərliyi, ictimai xadimlər, iri təşkilat rəhbərləri və media nümayəndələri iştirak edib.
Təqdimatda çıxış edən “AzSığorta” ASC-nin Müşahidə Şurasının Sədri Viladi Maniyev söyləyib: “Artıq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 1 əsr keçir. Zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır. Bizi biz edən əsas xüsusiyyətlərimizi – dilimizi, mədəniyyətimizi, dərin köklərə əsaslanan tolerantlığımızı itirmədən. Cümhuriyyətimizin 100 illiyini qeyd etdiyimiz bir vaxtda biz, “AzSığorta” şirkəti olaraq ölkəmizin bənzərsiz təbiətini, dərin multikulturializm köklərini bir daha xatırlatmaq üçün video çarx hazırlamışıq.”
“AzSığorta” MMC-nin İdarə Heyətinin Sədri Anar Talıbov isə bildirdi: “Azərbaycanın çoxmillətli ölkə olduğu və tarix boyu müxtəlif xalqların ölkəmizdə firəvan yaşadığı hər kəsə məlumdur. Vaxt məhdudiyyətinə görə video çarxda bu xalqların hər birini əks etdirə bilməsək də, onların bir sıra nümayəndələri qismində milli azlıqların ölkəmizə olan sevgisini göstərməyə çalışmışıq. Hər birimiz öz milli mənsubiyyətimizlə qürur duymalı, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi yaşatmalıyıq. Dillərimiz müxtəlif olsa da, vətənimiz birdir – Azərbaycan! ”.
Qeyd edək ki, video çarxın çəkilişləri bir ay müddətində “Synergy Partnership” tərəfindən aparılıb və ölkəmizdə yaşayan müxtəlif xalqların iştirakı ilə ərsəyə gəlib.
Video çarxı aşağıdakı linkdən izləmək olar: https://youtu.be/bkTOgLf8ylU
Ölkənin öndə gedən sığorta şirkətlərindən olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir. “Fitch” beynəlxalq reytinq agentliyi şirkətin etibarlılığını və maliyyə dayanıqlılığı üzrə kredit reytinqini "B" səviyyəsində təsdiq edib.