Bakı. Trend:
"Özbəkistan Dəmir Yolları" ASC "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılmasını dəstəkləyir, çünki bu, iştirakçı ölkələrinin dəmir yolu administrasiyaları arasında əlaqələri gücləndirəcək.
Trend xəbər verir ki, bu barədə "Özbəkistan Dəmir Yolları" ASC-nin idarə heyətinin sədri Zufar Narzullayev Bakıda "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı keçirilən konsultativ görüşdə bildirib.
O, qeyd edib ki, Özbəkistanda nəqliyyat və tranzit potensialını genişləndirmək üçün bütün şərait yaradılır. Ölkədə dəmir yollarının tikintisi və modernizasiyası istiqamətində addımlar atılır. Həmçinin, Özbəkistanda inteqrasiya olunmuş logistika mərkəzləri yaradılır və bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür.
Z. Narzullayev əlavə edib ki, "Avrasiya Multimodal Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının yaradılması iqtisadi artımı stimullaşdıracaq və beynəlxalq əlaqələrin genişlənməsinə kömək edəcək.