Bakı. Trend:
Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq siyasi və diplomatik münasibətlərdə olduğu kimi yüksək səviyyədə davam edir. Tərəflər iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması məqsədilə fəal iş aparırlar.
Trend xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ölkə artıq siyasi, sosial və diplomatik baxımdan vahid mövqedən çıxış edir və müttəfiqlik münasibətləri iqtisadi sahədə də konkret nəticələr verir:
"İqtisadi əməkdaşlığın real icraçıları olan sahibkarlar, sənayeçilər, idxalçılar və ixracatçılar üçün də istiqamətverici addımlar atılır.
Rəsmi məlumata görə, hazırda Azərbaycanda 7 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və bu şirkətlərin ümumi investisiya həcmi 18 milyard dollara çatır. Eyni zamanda, Türkiyədə 3 minə yaxın Azərbaycan şirkəti mövcuddur və onların yatırımları 21 milyard dollar təşkil edir. Hər iki tərəf qarşılıqlı investisiyaların artırılmasında maraqlıdır və yaranan problemlər operativ şəkildə həll edilir".
Nazir Türkiyə ilə Azərbaycan arasında mövcud preferensial ticarət sazişindən gələcəkdə azad ticarət sazişinə keçid perspektivlərinə də toxunub:
"2021-ci ildə qüvvəyə minmiş Preferensial Ticarət Sazişi və 2024-cü ildən tətbiq edilən əlavə protokol ticarət dövriyyəsinə müsbət təsir göstərib. Hazırda iki ölkənin texniki qrupları azad ticarət sazişi üzrə təsir analizləri və qiymətləndirmə işləri aparır.
Rəsmi mövqe ondan ibarətdir ki, vaxtı çatdıqda Türkiyə–Azərbaycan arasında azad ticarət sazişinin imzalanması da mümkün olacaq".
