...

OPEK nefti xilas etmək gücündə deyil - Trend Capital-ın icmalçısı

Energetika Materials 11 Oktyabr 2008 16:12 (UTC +04:00)
OPEK nefti xilas etmək gücündə deyil - Trend Capital-ın icmalçısı

Azərbaycan, Bakı, 11 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Neftin dünya qiymətləri son il ərzində minimal səviyyə göstərməklə sürətlə enməkdə davam edir. Oktyabrın 10-na olan ticarətin yekunlarına görə, London birjasında Brent markalı neft fyuçerslərinin qiyməti bir barel üçün 8,57 ABŞ dolları düşərək 74,09 ABŞ dollarına çatıb. Nyu-Yorkda Amerikanın WTI neftinin dəyəri bir barelə görə 8,89 ABŞ dolları düşərək 77,70 ABŞ dollara çatıb.

İyulun ortalarında neftin bir bareli təqribən 150 ABŞ dolları təşkil edib. Əvvəllər həm idxalçıları, həm də ixracatçıları yalnız bir sual maraqlandırırdı - bir barelin qiyməti 200 ABŞ dollarına çatacaqmı. İndi isə hamını neft qiymətlərinin bir barelə görə 60 ABŞ dollarına düşməsi ehtimalı narahat edir.

Dünya maliyyə təşkilatlarının 2008 və 2009-cu illərdə neftə tələbatın artımı üzrə proqnozları azaltması qiymətlərin düşmənsinə təkan verib. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, 2008-ci ildə 2007-ci il ilə müqayisədə dünyanın neftə olan tələbatı sutkada 400 min barel artaraq 86,5 mln. barelə çatacaq. 2009-cu ildə dünyada neftə tələbat sutkada 700 min barel artaraq 87,2 mln. barelə çatacaq. ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi də (EIA) 2008-ci il üçün dünya tələbatları üzrə proqnozlarını sutkada 350 min barel azaldaraq 86,14 mln. barelə çatdırıb. EIA-nın pronozlarına görə, 2009-cu ildə dünyanın neftə tələbatı sutkada 86,92 mln. barel təşkil edəcək.

Dünyanın neft bazarındakı vəziyyət daha çox OPEK-i narahat edir. Neft qiymətlərinin bir barel üçün 80 ABŞ dollarından aşağı düşməsi, büdcəsi birbaşa olaraq neft qiymətlərindən asılı olan dünyanın iri neft izxacatçılarını razı sala bilməz.

Kartel İran, Liviya, İraq, Venesuela və Ekvadorun çağırışı üzrə dünya maliyyə böhranı və onun neft bazarına təsiri problemlərini müzakirə etmək üçün noyabrın 18-də növbədənkənar iclas keçirməyə hazırlaşır. OPEK maliyyə böhranı nəticəsində dünyanın neftə tələbatının azalmasından ehtiyatlanır və qiymət stabilliyini dəstəkləmək üçün neft hasilatının azaldılması barədə qərar qəbul edə bilər.

Demək olar ki, bu gün OPEK-ə böyük ümid bəslənilir. Lakin kəskin maliyyə böhranı şəraitində təşkilatın hasilatın azaldılması bərədə qərarı qiymətləri saxlaya biləcəkmi? Burada bəzi şübhələr ortaya çıxır.

Demək lazımdır ki, yaxın vaxtlaradək OPEK neft kvotalarının olduğu kimi saxlanılması mövqeyindən çıxış edirdi və bazarın neft çatışmazlığı hiss etmədəyini hesab edirdi.

Neftin qiymətləri üzrə rekordların düşünülən bütün pronozları ötərək bir-birini əvəzlədiyi bir vaxtda, kartel üzvlərindən yeganə Səudiyyə Ərəbistanı OPEK-in mövqeyinə zidd getdi və neft hasilatını 9 mln.-dan 9,7 mln. barelədək artırılacağı barədə qərar qəbul etdiyini bildirdi. Lakin OPEK-in tərkibində iri neft ixracatçsının qəbul etdiyi qərar da neft bazarındakı vəziyyəti stabilləşdirə bilmədi.

Təşkilat sonuncu dəfə sentyabr konfransında təşkilat üzvlərinin neft qiymətləri daha münasib hesab etdikləri 100 ABŞ dolları (Bir barel üçün) səviyyəsində saxlamaq üçün neft hasilatı həcmini sutkada 520 min barel azaldaraq 28,8 mln. barelədək endirməyə məcbur oldu.

Lakin hasilat həcminin azaldılması istənilən nəticəni vermədi. Son iki həftə ərzində neft qiymətləri ümumilikdə bir barel üçün 20 ABŞ dollarından çox düşüb.

Baş verən bütün son hadisələrə nəzər saldıqda, belə bir nəticə çıxarmaq olar ki, OPEK-in üzərində olan öhdəlikləri yerinə yetirməsi hazırda real nəticə vermir. OPEK-in qərarı maliyyə böhranı fonunda faydasız olan psixoloji mahiyyət daşıyır. Kartel tərəfindən hasilatın azaldılması ehtimal ki, qısa müddətli səmərə verəcək.

Bir çox Qərb analitikləri OPEK-in bu cür tədbirlərlə neftin dünya qiymətlərini enmədən saxlaya bilməyəcəyi fikrindədir.

İri bank analitikləri, dünya tələbatının düşməsi ilə bir səviyyədə neftin dünya qiymətlərinə dair proqnozlarını azaldıblar. İsveçrənin "UBS AG" bankı cari ilin dördüncü rübündə Brent neftinin qiyməti üzrə proqnozlarını 15,2 faiz endirib və bir barel üçün 125 ABŞ dollarıdan 106 ABŞ dollarınadək azaldıb. Bankın proqnozuna görə analoji neft növünün qiyməti 2009-cu ildə bir barel üçün 105 ABŞ dolları təşkil edəcək. "Merrill Lynch" da cari ilin dördüncü rübündə Brent neftinin qiymətləri üzrə proqnozlarını bir barel üçün 118 ABŞ dollardan 106 ABŞ dollarınadək və gələn il üçün 106 ABŞ dollarından 90 ABŞ dollarınadək azaldıb.

EIA-nın proqnozlarına görə, dünya tələbatına əhəmiyyətli dərəcədə təsir göstərən güclü iqtisadi enmənin olmayacağı təqdirdə, Amerikanın WTI neftinin qiyməti 2008-2009-cu illərdə bir barel üçün orta hesabla 112 ABŞ dolları təşkil edəcək.

Bu halda, belə bir nəticəyə gəlmək olar ki, əsas problem dünyanın maliyyə böhranındadır və neftin qiymətlərinin stabilləşdirilməsi məsələsinin həlli üçün maliyyə siseminin bərpa edilməsi üzrə tədbirlərə böyük diqqət ayırmaq lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti