...

ARDNŞ 2010-cu ildə Xəzərdəki perspektivli strukturda geofiziki tədqiqatları davam etdirəcək

Energetika Materials 30 Dekabr 2009 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) gələn ilin yanvar-fevral aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar-2" perspektivli strukturda üçölçülü geofiziki təqdiqatları başa çatdıra bilər. Bu barədə çərşənbə günü ARDNŞ-dəki mənbə deyib.

"Tədqiqatlar hələ davam etdirilir, işlər yanvar-fevral aylarında başa çatdırıla bilər", - mənbə deyib.

Onun sözlərinə görə, proses bir az sürətlənə bilər. Çünki ARDNŞ Bahar Energy Limited şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qumdəniz" dəniz yataqlarına daxil olan blokların kəşfiyyatına, reabilitasiyasına, işlənməsi və hasilatına dair PSA tipli müqavilə imzalayıb.

Müqavilənin ikinci hissəsi çərçivəsində 3 il ərzində müqaviləyə daxil olan "Bahar-2" prespektivli strukturda bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır, əgər ehtiyac olarsa dördüncü il daha bir kəşfiyyat quyusu qazıla bilər. İlkin hesablamalara görə, Bahar Energy Limited şirkəti bir milyard dollarlıq investisiya qoyacaq.

1969-cu ildən işlənən "Bahar" yatağı Bakının cənub-şərqindən 40 kilometr məsafədə yerləşir. İndiyədək yataqdan 16,8 milyon tondan çox neft və 128,7 milyard kubmetrə yaxın qaz hasil edilib.

Gələcək beş il ərzində mütəxəssislər "Bahar" yatağında qaz hasilatının azalma tempini 15 faiz, kondensatın azalma tempini isə 10 faiz səviyyəsində proqnozlaşdırırlar.

Azərbaycanda qaz hasilatı ilə ARDNŞ məşğul olur. ARDNŞ tərəfindən hasil edilən qazın böyük hissəsi Azərbaycanın daxili bazarının tələbatının ödənilməsinə yönləndirilir, bir hissəsi də Gürcüstana ixrac edilir.

bp-nin texniki operatorluğu altında ARDNŞ-nin iştirakı ilə xarici tərəfdaşlar tərəfindən qaz hasil edilir. Qaz Azərbaycan bazarlarına tədarük edilir, həmçinin Cənubi Qafqaz neft kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə ixrac edilir. Azərbaycan "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil edilən səmt qazı da əldə edir.

Xəbər lenti

Xəbər lenti