...

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin dəmiryol şəbəkəsi yenidən qurulur

Energetika Materials 29 İyul 2010 16:56 (UTC +04:00)
Son dövrlər ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin nəqliyyat infrastruk­turu­nun yenidən qurulmasına və fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilməyə başlanılıb.
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin dəmiryol şəbəkəsi yenidən qurulur

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Son dövrlər ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin nəqliyyat infrastruk­turu­nun yenidən qurulmasına və fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilməyə başlanılıb. Görülən işlərin real nəticəsi olaraq Birliyin müəssisələrinin maşın parkı mərkəzləşdirilərək genişləndirilib, ağır texnika, yeni maşın və mexa­nizmlərlə təmin edilib.

Hazırda kimya məhsullarının ixracında mühüm əhəmiyyət kəsb edən dəmiryol şəbəkəsinin əsaslı təmirinə, onun yenidən qurulmasına başlanılıb. İlkin mərhələdə təmir olunacaq 7,3 kilometrlik dəmiryol xəttinin 1 kilometrdən çox hissəsində təmir-bərpa işləri başa çatdırılıb. Relslər boyu təmizləmə işləri aparılaraq ye­ni şpallar vurulub, relslərin qovşaq hissələrinin etibarlılığı yoxlanılaraq lazımi yerlərdə də­yiş­­dirilib və nizamlanıb. Görülən bütün işlər daxili qüvvələr hesabına - Birliyin müəssi­sələrinin peşəkar dəmiryolçularının gücü və səyi ilə yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, bütövlükdə kimya müəssisələrinin balansında olan dəmiryol xətləri çox böyük bir şəbəkəni əhatə etsə də, son illər bir sıra istehsalat sahələ­rinin fəaliyyətlərinin dayandırılması nəticəsində zavodların dalan dəmiryollarının müəyyən his­səsindən istifadəyə ehtiyac qalmayıb. Birliyin mütəxəssisləri tərəfindən dəmiryol sahəsi üzrə aparılmış təftiş və analizlərin, dəqiq hesablamaların müzakirəsi belə bir nəticəyə gəlməyə əsas verib ki, yüklərin daşınmasının ahəngdarlığını və tam həcmini, eləcə də səmə­­rəliliyini təmin etmək məqsədi ilə müəyyən sxem dəyişiklikləri həyata keçirməklə, "Azərikim­ya" İB üçün ümumi uzunluğu mövcud xətdən 2 dəfə az olan dəmiryol xəttinin bərpa olunması lazımdır.

"Azərikimya" İB-nin dəmiryol strukturunda aparılan geniş təmir işləri yaxın gələcəkdə Birliyin müəssisələrində reallaşdırılması nəzərdə tutulan irimiqyaslı yeni­dən­qurma, mütərəqqi texnologiyaların tətbiqi, müasir istehsalat sahələrinin yara­dıl­ması üz­rə perspektiv planların həyata keçirilməsi istiqamətində görülən ilkin tədbirlərdən olmaqla yüksək keyfiyyət və səmərəlilik vəd edir.

Birliyin dəmiryol şəbəkəsinin əsaslı təmiri və bərpası üzrə işlərin ilkin mərhələ­sinin avqustun sonunadək başa çatdırılması nəzərdə tutulub. Təmirin başa çatması ilə Birliyin müəssisələrində istehsal olunan kimyəvi məhsulların dalan dəmiryolları ilə Sumqayıt stansiyasına daşınması və xarici ölkələrə ixracı daha etibarlı, təhlükəsiz, ni­zamlı xarakter alacaq.

Xəbər lenti

Xəbər lenti