...

Avstriya yeni texnologiyalar sahəsində qazandığı uğurları Azərbaycan ilə paylaşmağa hazırdır

Energetika Materials 8 Noyabr 2012 19:06 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyi ilə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar Federal Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Avstriya yeni texnologiyalar sahəsində qazandığı uğurları Azərbaycan ilə paylaşmağa hazırdır

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Sənaye və Energetika Nazirliyi ilə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar Federal Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovun VII İnternet İdarəçilik Forumu və "BakuTel-2012" XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan Avstriya nəqliyyat, innovasiya və texnologiyalar federal nazirinin müavini Andreas Reyxartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ikitərəfli münasibətlərin bir çox aspektləri geniş müzakirə olunub.

Sənaye və Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə son illər Azərbaycanla Avstriya arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda yeni texnologiyaların tətbiqinin mühüm rol oynadığı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Cavadov ölkəmizdə həyata keçirilən geniş iqtisadi islahatlar, əldə olunan nailiyyətlər barədə qonağı ətraflı məlumatlandırıb. Nazir müavini bildirib ki, son illər Azərbaycana dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi yeni texnologiyalar cəlb edilir, bu isə öz növbəsində energetika, maşınqayırma və neft sənayesi sektoruna aid bir sıra yeni istehsal sahələrinin yaradılmasına imkan verib.

Görüşdə diqqətə alınan vacib məsələlərdən biri də alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılması məqsədilə müasir texnologiyaların tətbiqi ilə bağlı olub. Cavadov bildirib ki, artıq bu istiqamətdə Azərbaycanda müsbət təcrübə mövcuddur və ölkəmizdə günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir.

Avstriyalı nazir müavini isə öz növbəsində, yeni texnologiyalar sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir edə biləcəyini qeyd edib. Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar federal nazirinin müavini Andreas Reyxart ölkəsinin yeni texnologiyalar sahəsində qazandığı böyük uğurları paylaşmağa hazır olduqlarını, ölkəsində yeni texnologiyalarının inkişafı və gələcək perspektivləri ilə bağlı işlərin uğurla davam etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, xüsusilə iki nazirlik arasında əməkdaşlığa dair geniş fikir mübadilsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti