Azərbaycan, Bakı, 9 iyul /Trend/
ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun və "BP Eksploreyşn Limited" (Kaspian Sİ) şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzovanın iştirakı ilə Azərbaycanın neft-qaz sənayesi üçün milli kadrların hazırlanması, hazırda bu sektorda çalışan xarici vətəndaşların milli kadrlarla əvəz olunması siyasətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyət, o cümlədən layihələrə cəlb olunan əcnəbi vətəndaşlara fərdi icazələrin və vizaların alınması məsələləri ətraflı müzakirə olunub.
Trend-in Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, BP şirkətinin insan resursları üzrə yeni təyin olunmuş vitse-prezidenti Leyla Novruzova bildirib ki, qüvvədə olan Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS), eləcə də digər enerji layihələri çərçivəsində Azərbaycanın neft-qaz sektorunun milliləşdirilməsi istiqamətində aparılmış görüşlərin və danışıqların nəticəsi olaraq BP şirkəti ARDNŞ ilə müvafiq çoxşaxəli milliləşdirmə layihəsi üzərində çalışır. Hazırlanan plan HPBS əsasında fəaliyyət göstərən şirkətlərdə xarici personalın milliləşdirilməsi istiqamətində tədbirlərin mütəmadi olaraq həyata keçirilməsini əks etdirəcək.
Qeyd olunub ki, ARDNŞ-nin müvafiq strukturları ilə bu istiqamətdə məsləhətləşmələr davam etdirilir və plan avqustun əvvəllərində ARDNŞ-yə təqdim olunacaq.
Milliləşdirmə planının işlənilməsi ilə bağlı məsələləri birgə fəaliyyətin bariz təzahürü kimi qiymətləndirən ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan neft sənayesində fəaliyyət göstərən xarici şirkətlərdə personalın milliləşdirilməsi prosesinin bundan sonra daha əsaslı şəkildə və davamlı olacağına əminlik ifadə edib.
Görüşün nəticəsi olaraq, milliləşmə proqramının istehsalatın ahənginə təsir göstərməyəcəyi, zəruri mütəxəssislərin iş icazələrinin alınması üçün bütün tədbirlərin görüləcəyi qərara alınıb.
BP şirkətinin vitse-prezidenti Leyla Novruzova Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasında göstərdiyi dəstəyə görə Dövlət Neft Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirərək yaranmış işgüzar münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə inamını ifadə edib.