...

Taner Yıldız: İran öz qazını Avropa bazarlarına Türkiyə vasitəsilə çıxarmaq niyyətindədir

Energetika Materials 17 Fevral 2014 13:13 (UTC +04:00)
İran öz qazını Avropa bazarlarına Türkiyə vasitəsilə çıxarmaq niyyətindədir. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.
Taner Yıldız: İran öz qazını Avropa bazarlarına Türkiyə vasitəsilə çıxarmaq niyyətindədir

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir R.Hafizoğlu/

İran öz qazını Avropa bazarlarına Türkiyə vasitəsilə çıxarmaq niyyətindədir. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "TRT Haber" telekanalı yayıb.

Onun sözlərinə görə, bu layihə hər iki tərəf üçün əhəmiyyətlidir, lakin hələlik bu məsələ üzrə heç bir razılaşma yoxdur.

Türkiyənin İrana qarşı Arbitraj məhkəməsində iddia qaldırmasından danışarkən nazir bəyan edib ki, Ankara məhkəmənin ədalətli qərar çıxaracağına ümid edir.

Fevralın 17-də Türkiyənin tədarük edilən qazın qiyməti ilə bağlı İrana qarşı iddiası üzrə Beynəlxalq Arbitraj Məhkəməsinin iclası keçiriləcək. İddianın təmin ediləcəyi halda Tehran Türkiyəyə tədarük edilən qazın qiyməti üzrə 30 faiz endirim edəcək.

Qeyd edək ki, 2012-ci ilin mart ayında Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə İran qazının qiyməti məsələsi ilə bağlı müraciət etmişdi.

İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qaz tədarükü haqqında saziş 1996-cı ildə imzalanıb.

Qazın qiymətləri rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti