...

Neft Emalı Zavodu iki ildən bir təmirə dayanacaq - Baş direktor müavini

Energetika Materials 15 Aprel 2022 09:48 (UTC +04:00)
Neft Emalı Zavodu iki ildən bir təmirə dayanacaq -  Baş direktor müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) "Modernizasiyası və yenidənqurulması" layihəsi çərçivəsində görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq, inşa ediləcək Çirkab Suların Təmizlənməsi Qurğusunun (CSTQ) və təmizlənmiş çirkab suların Xəzər dənizinə axıdılması üçün çəkiləcək boru xəttinin tikintisi, həmçinin istismarı üzrə hazırlanmış Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (MTQ) sənədinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, ətraf mühit üzrə mütəxəssislər, media və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

İctimai dinləmə zamanı "Modernizasiya və yenidənqurma" layihəsi çərçivəsində görülən işlər və yeni qurğular, xüsusilə ÇSTQ-nin ekoloji və ətraf mühitə olan müsbət və potensial təsirləri, həmçinin layihənin icrasından sonra ətraf mühitin idarə edilməsi planı və keçiriləcək monitorinqlər haqqında tədbir iştirakçılarına məlumat verilib.

SOCAR-ın "Downstream Management" şirkətinin Baş direktorunun müavini, layihənin direktoru Emil Alxaslı çıxışında bildirib ki, "AVRO-5" standartlarına uyğun dizel ve benzin istehsal edəcək qurğuların inşası uğurla, təhlükəsiz şəkildə davam etdirilir. Belə ki, layihənin hazırkı mərhələsinin sonunda NEZ-de 22 əsas texnoloji qurğunun fəaliyyəti təmin olunacaq. Bir sıra yeni və müasir tələblərə cavab verən əsas texnoloji və ümumzavod təsərrüfatı qurğuları inşa edilərək istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri həyata keçiriləcək. NEZ-in ümumzavod təsərrüfatı və mövcud infrastrukturunun böyük bir hissəsi tamamilə yenilənəcək.

Bundan əlavə, çıxış zamanı bildirilib ki, layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlılığı proqramı həyata keçirilir. NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir. Nəticədə razılaşdırılmış plana əsasən cari il aprelin 4-dən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ildə əsaslı təmirə dayanma işlərinin uğurla icrasından sonra artıq NEZ-in təmirə dayanması hər il deyil, iki ildən bir həyata keçiriləcək. Layihənin növbəti mərhələlərinin icrası nəticəsində isə bir neçə ildən sonra təmirə dayanma prosesinin dörd ildən bir həyata keçirilməsi hədəf kimi qarşıya qoyulub.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Bu səbəbdən, NEZ-də aparılan əsaslı təmir işləri müddətində ölkə daxilində yanacaq qıtlığının yaranması gözlənilmir.

Layihənin icra qrafikinə əsasən təmir işləri tamamlandıqdan sonra, yəni, 2022-ci ilin ortalarından etibarən, əvvəlcə "AVRO-5" standartlarına uyğun dizel yanacağının istehsalı nəzərdə tutulub. Diger yeni qurğuların mütəmadi olaraq istismara verilməsi ilə isə NEZ-də istehsal olunan benzinin keyfiyyətinin daha da artırılması və 2023-cü ilin ortalarından etibarən benzinin keyfiyyətinin də "AVRO-5" standartlarına çatdırılması qarşıya əsas məqsəd kimi qoyulub.

SOCAR-ın "Downstream Management" şirkətinin Ətraf mühit üzrə meneceri Tural Məhərrəmov çıxış edərək, layihənin ölkəmiz üçün böyük ekoloji əhəmiyyət kəsb etdiyini, layihə müddətində yerli və beynəlxalq ekoloji qanunvericiliyin tələblərinə diqqət yetirildiyini vurğulayıb. O, həmçinin müasir texnologiyaların tətbiq olunduğunu və qabaqlayıcı tədbirlərin görüldüyünu qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflərin yekun sənəddə nəzərə alınacağı bildirilib.

Daha sonra tədbir iştirakçıları, o cümlədən media nümayəndələri NEZ-in ərazisini gəzərək görülən işlərin mövcud vəziyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti