Bakı. Trend:
bp Azərbaycandakı bütün fəaliyyəti müddətində 100 milyon dollar dəyərində sosial layihələr həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə bu gün bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.
Onun sözlərinə görə, təkcə 2022-ci ildə bu xərclər 5,4 milyon dollar təşkil edib.
"Əksər hallarda bu xərclər təhsilin inkişafına yönəlib. Mən Azərbaycanın ali təhsil ocaqlarını dünyadakı ən qabaqcıl təhsil müəssisələrindən biri hesab edirəm", - o deyib.
Cons həmçinin Azərbaycanın ali təhsil ocaqlarının məzunlarının hər il dünyanın qabaqcıl şirkətlərində, o cümlədə bp-də işlə təmin olunduğunu əlavə edib.
Qeyd edək ki, bp şirkəti Azərbaycanda böyük neft-qaz layihələrinin iştirakçısıdır. Şirkət xüsusən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihələrinin operatorudur.
Britaniya şirkəti həm də Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəməri layihələrinin iştirakçısıdır, o cümlədən D230 və "Şəfəq-Asiman" kimi perspektiv strukturlarda da fəaliyyət göstərir.