...

Neft sazişləri ölkəyə təkcə valyuta deyil, yeni texnologiya və kadrlar da gətirir - Nazir müavini

Energetika Materials 23 Fevral 2023 11:57 (UTC +04:00)
Neft sazişləri ölkəyə təkcə valyuta deyil, yeni texnologiya və kadrlar da gətirir - Nazir müavini
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın neft sazişləri ölkəyə təkcə xarici valyuta deyil, həm də yeni texnologiya və kadrlar gətirir.

Trend-in məlumatına görə, bu barədə bu gün iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” adlı tədbirdə deyib.

"Azərbaycan bu gün xarici investorların etibar etdiyi və milyardlarla investisiyalar qoyduğu ölkəyə çevrilib. Belə ki, 2027-ci ilədək Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının ikiqat artırılması istiqamətində işlər aparılır", - o qeyd edib.

S.Ələkbərov həmçinin bir müddət əvvəl istilik elektrik stansiyasının (İES) tikintisi üzrə razılıq əldə olunduğunu və bu sayədə təbii qaza təlabatın milyard kubmetrədək azalacağını qeyd edib.

"Bu İES 1280 meqavat elektrik enerjisi istehsal edəcək və tikintisi iki ilə başa çatacaq. Tərəflərin bu layihəyə qoyduqları investisiyalar İES istismara verildikdən altı il sonra qaytarılacaq. Bununla yanaşı, Cəbrayıl və Qaradağda yarımstansiyaların tikintisi üzrə işlər aparılır. Həmçinin MASDAR Azərbaycanla birgə dənizdə və quruda dörd, gələcəkdə isə altı qiqavatadək "təmiz enerji" istehsal etməyə imkan verəcək layihələr həyata keçirir", - o deyib.

Nazir müavini həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Xəzər dənizindən Avropaya "təmiz" enerji ixracı üzrə razılaşma əldə etdiklərini bildirib.

"Bu ilin sonunadək bu layihənin texniki-iqtisadi əsaslandırmasının hazır olacağı gözlənilir", - S.Ələkbərov qeyd edib.

Nazir müavini ötən il Sumqayıt Kimya Sənaye Parkında 7,364 milyard manat dəyərində məhsulun istehsal edildiyini, 2,674 milyard manat dəyərində məhsulun isə ixrac edildiyini deyib.

"Qarabağda və bütünlükdə ölkədə yerləşən sənaye zonalarında yeni rezidentlərin qeydiyyatı, iş yerlərinin açılması və istehsalatın artırılması üzrə işlər gedir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti