...

Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neft məhsullarının həcmi açıqlanıb

Energetika Materials 17 Mart 2026 18:15 (UTC +04:00)
Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan neft məhsullarının həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 75,4 milyon ABŞ dolları dəyərində 103,6 min ton bitumlu süxurlardan əldə edilən neft və neft məhsulları, həmçinin tərkibində kütləsinin 70 faizi və daha çoxu neft və ya neft məhsullarından ibarət olan məhsullar ixrac edilib.

Bu barədə Trend-ə Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu göstərici dəyər ifadəsində 13,1 milyon ABŞ dolları və ya 25,8 faiz çox, fiziki həcm baxımından isə 7,9 min ton və ya 7,1 faiz az olub.

Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 12,06 faiz təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dolları məbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac, 2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti