Qazaxıstan tərəfi sentyabrın 21-23-də Astana Bakı-Ceyhan-Tbilisi (BTC) boru kəməri ilə neftin birgə vurulması üzrə hökumətlərarası razılaşmanın mətnin hazırlanması üzrə keçiriləcək növbəti iclasın sonuncu olacağına ümid edir. Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputovun Trend ə verdiyi məlumata görə, sənədin layihəsində Qazaxıstan tərəfinin bundan əvvəl Azərbaycan tərəfinə nəzərdən keçirilmək üçün təqdim etdiyi prinsipial olmayn bir sıra iradları mövcuddur.
Qeyd edək ki, bundan əvvəl görüşün Qazaxıstandanda sentyabrın 15-də keçirilməsi nəzərdə tutulsa da, sonradan tərəflərin qrafikinin həddən artıq gərgin olması üzündən iclas bir həftə təxirə salındı. "Razılaşmanın layihəsi təsdiq olunduqdan sonra iki hökumət arasında imzalanma olacaq. Bizdə qayda belədir ki, əvvəlcə hökumətin xüsusi işçi qrupu yaradılır, təsdiq edilir, razılaşdırılır və imzalanmağa verilir. Prezident və ya baş nazir kimi müvəkkil edirsə, o da imzalayır", - deyə o bildirib. A.Şukputov Qazaxıstan tərəfdən bu ölkənin energetika nazirinin müvəkkil təyin ediləcəyini istisna etməyib. İmzalanmanın Bakıda keçiriləcəyi istisna edilmir.
"Kaşağan" layihəsinin aksionerləri 2008-9-cu illərdə BCT boru kəməri ilə 7,5 milyn. ton neft vurmaq barədə öhdəlik götürüblər. BTC boru kəmərinin gücü ildə 50 milyn. ton neft təşkil edir.