Bakı. Trend:
“Masdar” şirkəti Azərbaycanda “Qaradağ” günəş elektrik stansiyasında mövcud güclərin artırılmasında böyük potensial görür.
Bunu Trend-ə özəl müsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoru Murad Sadıxov bildirib.
“Stansiyanın pik gücü 230 meqavatdır və tam gücü ilə işləyir. Artıq Energetika Nazirliyi ilə stansiyanın gücünün artırılması məsələsi üzrə müəyyən məsləhətləşmələr aparmışıq. Sahəmizin yaxınlığında çoxlu sayda əlçatan torpaq sahələri var və biz genişlənmək üçün yaxşı potensial görürük”, – deyə o bildirib.
İkincisi, onun sözlərinə görə, istehsal olunacaq enerjini alacaq potensial alıcının (offteykerin) tapılması vacibdir.
“Bu məsələlər hazırda müzakirə olunur. Belə imkan yarandıqda, düşünürəm ki, layihənin yeni mərhələsini başlada biləcəyik”, – deyə o əlavə edib.
Sadıxov qeyd edib ki, 2025-ci ilin iyun ayında “Qaradağ” günəş elektrik stansiyasının elektrik enerjisi istehsalı ümumilikdə 68,8 milyon kilovatt-saat təşkil edib.
“Bu, 2025-ci ildə "Qaradağ" stansiyasının faktiki generasiya göstəricisidir. 9 iyulda stansiyanın istifadəyə verilməsindən bu günə qədər ümumilikdə 800 milyon kilovatt-saat "yaşıl" enerji istehsal olunduğunu qeyd etdik. Bu, çox yüksək göstəricidir”, – deyə o bildirib.
Stansiyada istifadə olunan innovativ texnologiyalar barədə danışan Sadıxov qeyd edib ki, obyekt 570 000 ədəd ikitərəfli günəş panelindən ibarətdir.
“Bu yeni texnologiya enerjini panellərin həm ön, həm də arxa tərəfindən hasil etməyə imkan verir. Günəşin hərəkətini və bucağını izləyən sistemdən istifadə olunur. Stansiyada 820 ədəd sim invertoru var və bütün enerji "Azərenerji"nin şəbəkəsinə ötürülür”, – deyə Sadıxov izah edib.
O əlavə edib ki, stansiyada hər şeyin düzgün işləməsini təmin etmək üçün "Masdar" şirkətinin texniki xidmət komandası fəaliyyət göstərir.
“Günəş stansiyasının istismarı və texniki xidməti uzunmüddətli marafondur. Bu stansiya daim tam gücü ilə işləməlidir. Ona görə də "Masdar" şirkətinin bu sahədə ixtisaslaşmış texniki xidmət şirkəti var – “Masdar Specialized Technical Service Company” (MSTS). Ərazidə stansiyanın istismarında böyük təcrübəyə malik 20-dən çox əməkdaş çalışır”.