Bakı. Trend:
“Masdar” Azərbaycanda dayanıqlı aviasiya yanacağı istehsalı üzrə Birləşmiş Ərəb Əmirlikləri təcrübəsini tətbiq etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıqov Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) zamanı çıxış edərkən bildirib.
Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı yalnız ixraca yönəlmiş layihələrlə məhdudlaşmır, həm də ölkənin enerji sisteminin dayanıqlığını və etibarlılığını artırmaq məqsədi daşıyır.
Onun sözlərinə görə, əsas məqsəd yalnız enerji şəbəkəsindəki çatışmazlıqları aradan qaldırmaq deyil, eyni zamanda daha dayanıqlı və etibarlı sistem yaratmaqdır.
“Qeyri-sabit enerji heç bir dəyər daşımır, sabit enerji isə hər şey deməkdir”, - deyə o vurğulayıb.
Murad Sadıqov enerji yığma sistemlərinin tətbiqinin, balanslaşdırma proseslərinin və müxtəlif bərpa olunan enerji mənbələri kombinasiyasının əhəmiyyətini qeyd edib və dəniz külək enerjisi və “yaşıl hidrogen" sahəsində aparılan tədqiqatların rolunu vurğulayıb. Onun sözlərinə görə, “Masdar” “yaşıl hidrogen" istehsalına aktiv şəkildə sərmaye qoyur və BƏƏ-də davamlı aviasiya yanacağı istehsalı üzrə pilot layihəni artıq həyata keçirir. Şirkət bu təcrübəni Azərbaycanda da tətbiq etməyi planlaşdırır.
O həmçinin xatırladıb ki, Azərbaycan hökuməti enerji şəbəkəsinin modernləşdirilməsinə investisiya yatırır və yaxınlarda enerji axını və tezlikləri idarə etmək üçün iki ən iri enerji yığma sisteminin inşası barədə elan edib, bu da şəbəkənin dayanıqlığını və etibarlılığını artıracaq.
Murad Sadıqovun fikrincə, Azərbaycanın ambisiyaları “yaşıl enerji"nin Avropaya ixrac olunması ilə məhdudlaşmır.
“Biz həmçinin Mərkəzi Asiya ilə razılaşmaların imzalanmasına şahid olduq. Bu, bütün regionda stabilliyi təmin edəcək böyük enerji şəbəkəsinin formalaşmasına doğru atılmış bir addımdır. Azərbaycan enerji habının ürəyinə çevrilir və bu, yalnız Qafqaz üçün deyil, bütün Avrasiya üçün enerji keçidində həlledici rol oynayacaq”, - deyə o bildirib.