...

Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmiz enerji"yə regional keçiddə liderliklərini davam etdirəcəklər - Moody's

Yaşıl iqtisadiyyat Materials 11 Dekabr 2025 14:38 (UTC +04:00)
Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmiz enerji"yə regional keçiddə liderliklərini davam etdirəcəklər - Moody's
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmiz enerji"yə regional keçiddə lider olmağa davam edəcəklər.

Trend bu barədə “Moody’s” reytinq agentliyinə istinadən xəbər verir.

“Dövlət daxilində ticarətin artımı və yüksək iqtisadi göstəricilər enerji tələbatının artımını stimullaşdırır. Bu, iqtisadiyyatın daha da şaxələnməsinə və inteqrasiyasına töhfə verərək regionun bərpa olunan enerji mənbələri sahəsində böyük potensialını üzə çıxarır, həmçinin regional enerji əlaqəliliyini gücləndirir. Biz Azərbaycan, Özbəkistan və Qazaxıstanın bu keçidi 2026-cı ildə də davam etdirəcəyini, rəqabətədavamlı elektrik enerjisi bazarlarını inkişaf etdirəcəyini, eləcə də bərpa olunan enerji sahəsinə özəl investisiyaları cəlb edəcəyini gözləyirik. Eyni zamanda, Tacikistan və Qırğızıstan kimi hidroenerji resursları zəngin olan ölkələrin beynəlxalq maliyyə institutlarının dəstəyi ilə su elektrik stansiyaları layihələrinə investisiyaları artıraraq regional elektrik enerjisi ixracını genişləndirəcəyini gözləyirik”, – deyə "Moody’s"in hesabatında bildirilir.

Eyni zamanda, reytinq agentliyi qeyd edir ki, karbohidrogen resursları Qazaxıstan və Azərbaycanda iqtisadi fəallığa dəstək olmağa davam edəcək.

Bundan əlavə, “Moody’s”in analitikləri vurğulayırlar ki, Mərkəzi Asiya və Qafqaz dövlətlərinin nəqliyyat, logistika və tikinti sektoru Orta Dəhliz – Çinlə Avropanı birləşdirən strateji ticarət-tranzit şəbəkə – boyunca fəallığın artımından faydalanmağa davam edəcək.

Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bərpa olunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1829,6 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 MVt gücündə 65 su elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 37 MVt gücündə bio-elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumi enerji gücünün təxminən 18,8%-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti