...

Azərbaycan Rabitə Nazirliyi və NATO-nun məsləhət qrupu gələcək əməkdaşlıq üzrə təkliflər hazırlayacaq

Telekommunikasiya Materials 22 Mart 2010 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və NATO-nun məsləhət qrupu gələcək əməkdaşlıq üzrə tərəflərin razılaşdırdığı təkliflərin hazırlanması barədə qərar qəbul ediblər. Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumata əsasən, qərar nazirliyin NATO-nun məsləhət qrupunun nümayəndə heyətinin iştirakı ilə "Kibertəhlükəsizlik və elektron hökumət" mövzusunda keçirilmiş ötən iclası zamanı qəbul edilib.

NATO məsləhət qrupunun nümayəndə heyətinin rəhbəri Devid Fortna elektron hökumət, qanunvericilik və kibercinayətkarlıqla mübarizə sahələrində Azərbaycanda görülən işlərlə tanış olub.

Qrupun üzvü Pyer-Dominik Lansard kiberhücumdan effektiv müdafiə və elektron hökumətin yaradılması üzrə NATO-nun üzv ölkələrinin təcrübəsi haqqında danışıb.

Azərbaycan kiberhücumdan effektli müdafiə sisteminin yaradılması sahəsində bir çox ölkələrlə əməkdaşlıq edir. Azərbaycan mütəxəssisləri Estoniyada NATO-nun K-5 kibermüdafiə mərkəzinin işləri ilə tanış olublar və bu sahədə müntəzəm əməkdaşlıq edirlər.

Estoniya hökuməti Aİ-nin 27 üzv ölkəsinin informasiya strukturunun müdafiə qabiliyyətini yoxlamaq məqsədi ilə kiberhücum modelinin təşkil olunmasını Avropa İttifaqına təklif edib.

Azərbaycanda bu gün informasiya təhlükəsizliyi milli sisteminin yaradılması üzrə işlər aparılır və əsas istiqamətlər kibercinayətkarlıqla mübarizə və İT sahəsində strategiyanın hazırlanmasıdır. İnformasiya təhlükəsizliyi sisteminin yaradılması haqqında əsasnamə nəzərdən keçirilməsi üçün hökumətə təqdim edilib. Sənəd dünya təcrübəsi əsasında hazırlanıb. İlkin qaydalar versiyası Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanıb. Sənəd elektron təhlükəsizliyin idarəsi üzrə fəaliyyətin nizamlanması üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti