...

İlin sonunadək Azərbaycanda portativ kompüterlər bazarının 30 faizlik artımı gözlənilir - bazar iştirakçısı

Telekommunikasiya Materials 5 İyul 2011 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycanda portativ kompüterlər bazarının 30 faizlik artımı gözlənilir. Bu barədə Trend-ə "Ultra" şirkətinin rəhbəri Zaur Məmmədzadə deyib.

Onun sözlərinə görə, hazırda ölkənin kompüter bazarında bu müsbət yüksəliş ondan xəbər verir ki, artıq ilin sonuna noutbuklar bazarı masaüstü sistemlər bazarını xeyli üstələyəcək.

"Noutbuklardan istifadənin üstünlükləri göz qabağındadır. Bu qurğular ildən-ilə insanların gündəlik həyatına daxil olan mobil texnologiyaların inkişafı sayəsində getdikcə daha çox populyarlaşır", - Məmmədzadə əlavə edib.

"Ultra" şirkəti Azərbaycanın portativ kompüterlər bazarında özünün "Nexus" ticarət markası ilə təmsil olunub.

Məmmədzadənin sözlərinə görə, kəskin rəqabətə və dünya vendorlarının təzyiqinə baxmayaraq, bu brend inkişaf etməkdə davam edir. Şirkət istehlakçıya coğrafi yaxınlığı, eləcə də servis xidməti sayəsində satış artımını saxlaya bilir.

"Lokal brendin inkişafında müsbət rolu bir sıra dövlət qurumları, xüsusilə də Təhsil Nazirliyi ilə bağlanan müqavilələr oynayıb. Hazırda "Nexus" noutbukları respublikanın orta təhsil müəssisələrinə tədarük edilir", - o bildirib.

Şirkət Qazaxıstan, Özbəkistan, Rusiya, Gürcüstan və Ukrayna bazarlarına portativ kompüterlərin yığılması üçün dəst hissələrinin tədarükçüsü olmaqla Azərbaycanda yeganə şirkətdir.

"Bizim məhsulumuz bu ölkələrin bazarlarında yerli tərəfdaşlarımızın brendləri ilə təmisl olunub. Məsələn, Qazaxıstan bazarında onlar tərəfdaşımız "Discоvery" brendi, Özbəkistanda "Nomat" əmtəə markası altında satılır. Güman edirəm ki, ilin sonunadək biz Kuba və Meksikadakı tərəfdaşlarla müqavilə imzalaya biləcəyik. Bu, həmin bazarlara tədarüklər həyata keçirməyə imkan verəcək", - o əlavə edib.

Şirkət rəhbərinin fikrincə, ümumilikdə Azərbaycan İT bazarının son 10 il ərzində sabit artımı 20 faiz səviyyəsində qalacaq.

Məmmədzadənin sözlərinə görə, buna səbəb dövlətin müsbət rolu, daha dəqiq desək, irimqiyaslı layihələrin həyata keçirilməsidir. Bu, İT sektorun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. İT sektoru neft sektorundan sonra respublika iqtisadiyyatının ikinci prioritet istiqamətidir. İnformasiya texnologiyaları sektorunun artımını stimullaşdıran əhəmiyyətli faktorlardan biri vergiqoyma və gömrük prosedurları sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Xəbər lenti

Xəbər lenti