...

Azərbaycan və Meksika kosmik sənaye sahəsində əməkdaşlıq edəcək

Telekommunikasiya Materials 21 May 2012 18:21 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərkosmos" ASC-nin Meksika Kosmik Agentliyi (MKA) ilə əməkdaşlığını dəstəkləyir.
Azərbaycan və Meksika kosmik sənaye sahəsində əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərkosmos" ASC-nin Meksika Kosmik Agentliyi (MKA) ilə əməkdaşlığını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına əsasən, ikitərəfli əməkdaşlıq məsələsi Azərbaycan rabitə və informasiya texnologiyları naziri Əli Abbasovun MKA-nın baş direktoru Xavier Mendieta ilə görüşündə müzakirə edilib.

"İki ölkənin siyasi və iqtisadi əlaqələrinin inkişafı informasiya kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulmasına müsbət təsir edir", - Abbasov qeyd edib.

Nazirin sözlərinə görə, bundan çıxış edərək, Azərbaycan və Meksika şirkətlərini qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq etmək lazımdır ki, bu da hər iki ölkənin bazarlarının genişləndirilməsində vacib rol oynayacaq.

Görüşdə, həmçinin Azərbaycanın peyk layihələri, o cümlədən bu ilin sonunda orbitə buraxılması nəzərdə tutulan ilk telekommunikasiya peyki və 2013-cü ildə buraxılması planlaşdırılan aşağıorbitli zondlama peyki barədə ətraflı məlumat verən Abbasov bu istiqamətdə MKA-nın "Azərkosmos" ASC ilə əməkdaşlığının çox faydalı olacağına ümidvar olduğunu bildirib.

Öz növbəsində, meksikalı qonaq İKT sektoru, xüsusilə də kosmik sahə üzrə Azərbaycanla hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirərək "Azərkosmos" ASC ilə bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdıracaqlarını diqqətə çatdırıb.

15-19 may tarixlərini əhatə edən səfər çərçivəsində MKA nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində görüş keçirib, Milli Aviasiya Akademiyasının laboratoriyaları ilə yaxından tanış olub, daha sonra isə "Azərkosmos" ASC-də keçirilən geniştərkibli görüşdə iştirak ediblər. Səfər çərçivəsində qonaqlar Şamaxı Astrofizika Rəsədxanasında da olaraq rəsədxanada aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti