Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir H.Vəliyev/
"İntrans" şirkəti (.az domeninin millli qeydiyyatçısı) .az milli domenini yeni təhlükəsizlik protokolu DNSSEC-ə (Domain Name System Security Extensions) keçirir. Trend-in məlumatına görə, bu barədə cümə günü "IntraNS" şirkətinin Baş direktoru Faiq Fərmanov bildirib.
Fərmanovun sözlərinə görə, hazırda domenin yeni təhlükəsizlik protokoluna keçirilməsi üzrə işlər test rejimindədir.
Cümə günü Trend-ə açıqlamasında "İCANN" şirkətinin Rusiya, MDB və Şərqi Avropa üzrə vitse-prezidenti Veni Markovskinin sözlərinə görə, bu gün DNSSEC bir çox ölkələrdə istifadə olunur və müntəzəm olaraq qəbul edilən ümumi standartlara yaxınlaşır: "Bizim əsas hədəfimiz domen zonalarının təhlükəsiz, sabit və davamlı işləməsidir. İnsanlar veb-ünvanı yığdıqları zaman onlara lazım olan resurslara daxil olsunlar. Yeni təhlükəsiz protokola keçid qeydiyyatçıdan asılıdır. Biz bu məsələdə yalnız texniki və ekspert köməkliyi göstərə bilərik. Yeni təhlükəsizlik protokolu tətbiq olunan kimi köhnə domen sistemində təhlükəsizliklə bağlı olan mövcud problemlər tamamilə aradan qaldırılacaq. Hesab edirəm ki, yaxın 2-3 il ərzində bütün ölkələr DNSSEC-ə keçəcək".