...

Azercell növbəti Tələbə Təqaüdü Proqramına start verdi

Telekommunikasiya Materials 2 Oktyabr 2013 17:06 (UTC +04:00)
Şirkətdən Trend-ə verilən məlumata görə, bu il oktyabrın 1-dən başlayan Tələbə Təqaüd Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
Azercell növbəti Tələbə Təqaüdü Proqramına start verdi

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

"Azercell Telekom" MMC tələbələr üçün növbəti təqaüd proqramına start verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu il oktyabrın 1-dən başlayan Tələbə Təqaüd Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Qalib gələn tələbələr "Azercell" şirkəti tərəfindən cari ali təhsillərinin sonunadək 200 manat məbləğində aylıq tələbə təqaüdünü almaqla yanaşı, telekommunikasiya sahəsi üzrə biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə iş təcrübəsi keçmək imkanı əldə edəcəklər.

Tələbə Təqaüdü Proqramına Azərbaycan ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Seçim prosesi zamanı marketinq və ya informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil alanlara üstünlük veriləcək.

Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.

Bununla da "Azercell Telekom" MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verir. Tələbələr proqram haqqında ətraflı məlumat üçün www.azercell.jobs səhifəsinə daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti