...

Azərbaycanda internet brauzerlərinin pay bölgüsü açıqlanıb

Telekommunikasiya Materials 2 Noyabr 2013 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda "Google Chrome" internet brauzeri bazarının instalyasiyalarının sayı 13,5 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Global Stats" Statistik Mərkəzinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda "Google Chrome" bazarının payı 37,3 faiz artıb. "Google Chrome" brauzeri Azərbaycanda ən populyar brauzerdir və bazarın 58,25 faizini təşkil edir.

10 ayın yekunu üzrə "Opera" brauzerinin instalyasiyalarının sayında xeyli azalma qeydə alınıb. 10 ayın yekunu olaraq, "Opera"nın bazar payı 24,75 faiz azalaraq 19,31 faiz təşkil edib ki, bu da 2012-ci ilin analoji göstəricisi ilə müqayisədə 46,6 faiz azdır.

Hesabat dövründə "Internet Explorer" brauzeri istifadəçilərinin sayı da 21,3 faiz azalıb. "Internet Explorer" bazarının payı 8,8 faiz təşkil edib. 2012-ci ilin analoji dövrünə nisbətən bu brauzerin instalyasiyalarının sayı 22,88 faiz azalıb.

Bazarın 6,07 faizini təşkil edən "Mozilla Firefox" brauzerinin payında da 25,25 faiz azalma qeydə alınıb.

Yanvar-oktyabr aylarında "Yandex" brauzerinə qoşulanların sayında 2,7 dəfə artım qeydə alınıb. Bu brauzerin Azərbaycanın internet-brauzer bazarındakı payı 3,1 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti