Bakı. Trend:
Azərbaycanda elektron ticarətdə süni intellektin tətbiqi üçün bütün lazımı şərait yaradılıb.
Bunu Trend-ə özəl müsahibəsində “Visa”nın baş vitse-prezidenti və Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə məhsullar və həllər bölməsinin rəhbəri Qodfri Sallivan bildirib.
“Bu gün dünya üzrə yüz milyonlarla insan “ChatGPT”, “Perplexity” və ya “Grok” kimi süni intellekt alətlərindən istifadə edir. Son aparılan araşdırmalarımız göstərib ki, istifadəçilərin 60 faizi bunlardan mallar və xidmətləri axtarmaq üçün yararlanır - istər səyahət, istər geyim, istərsə də hədiyyə olsun. Ancaq hələ ki, belə sorğular ödənişə çevrilmir”, – deyə o qeyd edib.
Sallivan vurğulayıb ki, ticarətin növbəti inkişaf mərhələsi süni intellekt agentlərinə ödəniş alətlərinin inteqrasiyası olacaq. Məsələn, istifadəçi ChatGPT-dən Dubaya və ya Bakıya səyahət rezervasiyası etməsini istəyə bilər, süni intellekt agenti isə uçuş, otel, restoranları seçəcək və istifadəçinin razılığı ilə bütün sifarişi həyata keçirib ödənişi tamamlayacaq. Bu, əməliyyatlara yanaşmanı tamamilə dəyişəcək.
“Hər onillikdə oxşar irəliləyişləri görürük: əvvəl elektron ticarət meydana çıxdı, sonra mobil ticarət. İndi biz süni intellekt ticarəti dövrünün astanasındayıq və proqnozlarımıza görə, bu sahə növbəti il yarım – iki il ərzində aktiv inkişaf edəcək”, – deyə əlavə edib.
“Visa”nın baş vitse-prezidenti bildirib ki, yaxınlarda keçirilən “Visa Global Product Drop” təqdimatında şirkət gələcəyin “ağıllı” alış-veriş assistentlərinin hazırlanmasına yönəlmiş “Visa Intelligent Commerce” proqramını təqdim edib. Bu proqram süni intellekt əməliyyatlarının müştərilər, satıcılar və banklar üçün ən yüksək standartlarla qorunmasını təmin edəcək.
“Biz beş API (Tətbiqi proqramlaşdırma interfeysi /Application Programming Interface) təqdim etdik: süni intellekt agentinə “Visa” məlumatlarının yüklənməsi, istifadəçi şəxsiyyətinin təsdiqi, fırıldaqçılıqdan qorunma və fərdiləşdirmə üçün bütün bunlar tam anonimlik qorunaraq həyata keçirilir. Həmçinin, 'agentini tanı' protokolunu tətbiq etdik: Visa tərəfdaş proqramında iştirak edən bütün süni intellekt agentləri sertifikatlaşdırılacaq ki, banklar, satıcılar və istifadəçilər əməliyyatların təhlükəsizliyinə əmin olsun”, - deyə Sallivan vurğulayıb.
Onun sözlərinə görə, bu proqram biznes üçün yeni imkanlar açır. Bu gün böyük şirkətlər “Google Ads” və ya emosional reklam üçün milyonlar xərcləyir. Lakin süni intellekt agentləri yalnız müvafiqliyə əsaslanır. Bu, kiçik biznes üçün şansları bərabərləşdirir və böyük marketinq büdcəsi olmadan rəqabət aparmağa imkan verir.
“Əlavə inteqrasiyanı sadələşdirmək üçün “Visa Acceptance Agent Toolkit”i təqdim etdik. Satıcılar həmçinin süni intellekt modellərini birbaşa onlayn mağazalara inteqrasiya edə biləcək, bu isə alış-verişi daha sürətli və rahat edəcək”, - deyə “Visa”nın baş vitse-prezidenti bildirib.
Sallivan həmçinin qeyd edib ki, onlayn alış-veriş zamanı ödəniş prosesi hələ də vaxt aparır: uzun kart nömrəsi, son istifadə tarixi və CVV daxil edilməlidir.
“Bizim məqsədimiz onlayn ödənişləri mağazada bir toxunuş qədər sadə etməkdir. Bunun üçün “Visa Payment Passkey” texnologiyası yaradılıb, bu texnologiya kart məlumatları yerinə telefon nömrəsi və ya elektron poçtdan istifadə etməyə imkan verir və ödənişi “Face ID” və ya barmaq izi ilə təsdiqləməyə imkan yaradır. Bu, birdəfəlik şifrələr daxil etmək tələbini aradan qaldırır, çünki fırıldaqçılar üçün onları ələ keçirmək daha asandır”, – deyə o bildirib.
Visa nümayəndəsi perspektiv layihə kimi “Visa Flex Credential”ı də qeyd edib. Bu həll bir neçə kart əvəzinə bir universal identifikatordan istifadə edir, həm debet, həm kredit kartı kimi işləyə bilər və hissə-hissə ödəniş aləti kimi də funksionaldır, müxtəlif ödəniş variantları arasında keçid edərək rahatlıq və çeviklik təmin edir. Bundan əlavə, şirkət banklararası əməliyyatlar üçün “Visa” şəbəkəsinə bağlanmış elektron pul kisələri və “Yellowcard” və “Honeycoin” fintex şirkətləri ilə tərəfdaşlıq çərçivəsində steyblkoinləri (stable coin) sınaqdan keçirir.
Azərbaycana gəldikdə Sallivan bildirib ki, ölkənin nağdsız iqtisadiyyatı çox dinamik inkişaf edir.
“Azərbaycan banklarının əksəriyyəti “Apple Pay” və “Google Pay”i dəstəkləyir. Mobil və digər rəqəmsal qurğuların yüksək səviyyədə istifadəsi, dövlət və Mərkəzi Bankın dəstəyi süni intellekt agentlərinin alış-veriş, biometrik həllər və digər innovativ texnologiyaların tətbiqi üçün əla baza yaradır. Əminəm ki, növbəti bir il yarım ərzində Azərbaycanda rəqəmsal texnologiyaların inkişafını daha sürətlə görəcəyik”, – deyə “Visa” nümayəndəsi bildirib.
Azərbaycandakı kiçik və orta bizneslə bağlı sualı cavablandıran Sallivan deyib: “Biz Azərbaycanın kiçik sahibkarlıq subyektlərinən əlçatan texnologiyalar və hərtərəfli dəstək təklif edirik. “Android” əməliyyat sistemi üzərində çalışan smartfonları tam ödəniş terminallarına çevirən “Visa Tap to Phone” texnologiyası ölkədə böyük maraq görür: artıq doqquz yerli bank bunu dəstəkləyir və 2025-ci ilin əvvəlinə istifadəsi 37 faiz artıb. Qadın sahibkarları dəstəkləyən “She’s Next Empowered by Visa” proqramı da uğurludur, Azərbaycanda artıq üçüncü dəfədir ki, keçirilir. Növbəti addım, mikro-müəssisələr üçün “Visa Accept” həllini işə salmaqdır, bu da NFC (Near Field Communication) dəstəyi olan hər hansı smartfondan “Visa” kartına ödəniş qəbul etməyə imkan verəcək, bir neçə kliklə. Bu, yeni rəqəmsal iqtisadiyyatda biznes üçün şansları bərabərləşdirən əlavə bir vasitədir”.
