...

Dövlət Turizm Agentliyi xaricdə yeni ofislər açacaq

Turizm Materials 26 Fevral 2024 12:32 (UTC +04:00)
Dövlət Turizm Agentliyi xaricdə yeni ofislər açacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin bu il Rusiya və Türkiyədə nümayəndəliklər (turizm ofisləri) açacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Xocalı soyqırımına həsr olunan "Ana fəryadı" abidə kompleksinin ziyarəti zamanı Dövlət Turizm Agentliyinin müşaviri Kənan Quluzadə jurnalistlərə deyib.

"Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin bu il Rusiya və Türkiyədə nümayəndəliklər (turizm ofisləri) açacağı gözlənilir. Bundan başqa, bir sıra ölkələrdə, o cümlədən, Çin, Yaxın Şərq ölkələri və digər ölkələrdə nümayəndəlik xidmətlərinin əldə olunması üzrə tender elan etmişik. Bu cür təcrübə bizdə pandemiyadan əvvəl olub.

Beləliklə, bir sıra tərəfdaşlar xarici ölkələrdə bizim nümayəndəliyimizin funksiyalarını yerinə yetirib. Bu, nümayəndəlik deyil, nümayəndəlik xidmətlərinin göstərilməsidir. Bu il yenidən bu təcrübəyə qayıdırıq. Tender elan olunduqdan və nəticələr bəlli olandan sonra ictimaiyyəti məlumatlandıracağıq. Bu məsələni yaya qədər həll etməyə çalışacağıq", - o deyib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti