...

Fərhad Abdullayev: Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir

Nəzər nöqtəsi Materials 12 İyul 2019 09:19 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir.
Fərhad Abdullayev: Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir

Bakı. Trend:

Azərbaycan Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir. Trend-in məlumatına görə, bu fikri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib: "Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlardan bəhs edərkən qeyd edilməlidir ki, bu qərarlarda Konstitusiyanın aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, o cümlədən hüquqi mövqelərinə də şamil edilir. Digər mühüm bir məqam isə ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin hüquqi qüvvəsi ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil edən hala deyil, hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir. Bu mənada həmin qərarlar yalnız məhkəmələr deyil, həmçinin bütün hüquq tətbiqedici orqanlar üçün əhəmiyyətli mənbə qismində çıxış edir.

Həmçinin qeyd edilməsi vacibdir ki, Konstitusiya Məhkəməsinin təcrübəsinin tətbiqi prosesində hər hansı bir hüquqi mövqeyə istinad edilməsi zamanı onun düzgün və müvafiq şəkildə istifadə edilməsi, ümumi kontekstdən, mahiyyətindən və mənasından kənar işlədilməməsi xüsusi əhəmiyyət kəsb edir.

İstənilən konstitusiya nəzarəti orqanı kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf tendensiyalarının öyrənilməsinə hər zaman önəm verir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumu hər zaman beynəlxalq təcrübəyə xüsusi diqqət yetirməklə, qəbul edilən qərarlarında beynəlxalq hüquqi aktların, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin Respublikamızın tərəfdar çıxdığı beynəlxalq sazişlərə, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının mütərəqqi məhkəmə təcrübəsinə istinadlar edir.

Digər tərəfdən, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm vermiş, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, bir sıra mötəbər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurmağa nail ola bilmişdir. Bu gün Məhkəmə Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransının, Avropa Konstitusiya Məhkəmələri Konfransının, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının, habelə Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyasının tamhüquqlu üzvüdür.

Fəaliyyət göstərdiyi bu illər ərzində Konstitusiya Məhkəməsi Əsas Qanunun fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyəti ilə ali dövlət orqanları sırasında özünəməxsus yerini tutmağa nail olmuşdur. Əlbəttə ki, Məhkəmənin bu fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən hüquqi dövlət quruculuğu sayəsində mümkün olmuşdur".

Qeyd edək ki, bu il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 21 il keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti