...

Rezayi Keşikçilər Şurasının Xüsusi Araşdırma Qrupuna nümayəndə təqdim etməklə bağlı şərt qoyub

Dünya xəbərləri Materials 27 İyun 2009 13:13 (UTC +04:00)

Prezidentliyə keçmiş namizəd Möhsün Rezayi bildirib ki, prezidentliyə keçmiş digər iki namizəd Mir Hüseyn Musəvi və Mehdi Kərrubi Xüsusi Araşdırma Qrupuna nümayəndələrini təqdim edərlərsə, o da öz nümayəndəsini təqdim edəcək. Bu barədə İLNA İnformasiya Agentliyi məlumat yayıb.

Rezayi İranın Keşikçilər Şurasının baş katibi Əli Cənnətiyə məktubunda seçkinin nəticələrinə olan etirazları araşdırmaq məqsədilə Xüsusi Araşdırma Qrupunun yaradılmasını müsbət qiymətləndirib və digər iki namizəd Musəvi və Kərrubini bu prosesə qoşulmağa çağırıb.

"Keşikçilər Şurasının araşdırma qrupunun yaradılması haqqında qərarı gec də olsa təqdirəlayiqdir. Digər namizədlər Musəvi və Kərrubi nümayəndələrini təqdim edərlərsə, mən də Xüsusi Araşdırma Qrupuna öz nümayəndəmi təqdim edəcəyəm", - Rezayi bildirib.

İranın Keşikçilər Şurasının mətbuat katibi Abbasəli Kətxudayi cümə günü bildirib ki, prezident seçkilərinin nəticələrinə etiraz etmiş namizədlərin etimadını qazanmaq məqsədi ilə Şura tərəfindən Xüsusi Araşdırma Qrupu təşkil edilib. "Qrup seçkilərin keçirilməsi prosesini, səslərin 10 faizinin yenidən hesablanmasını və seçkilərin nəticələrinə olan etirazları araşdıracaq", - Kətxudayi əlavə edib.

"Xüsusi Araşdırma Qrupunda ölkənin siyasi və ictimai şəxsiyyətlərindən ibarət 6 nəfərlik qrup çalışacaq. Qrupda, həmçinin seçkinin nəticələrinə etiraz etmiş prezidentliyə keçmiş namizədlər Musəvi, Kərrubi və Rezayinin nümayəndələri də olacaq", - Şuranın mətbuat katibi bildirib.

Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi və Kərrubi seçkilərin nəticələrinə etiraz edib və hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıblar. Keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan minlərlə insan etiraz aksiyası keçirib ki, bu da polislə qarşıdurmaya səbəb olub. Qeyri-rəsmi məlumatlara əsasən, qarşıdurmalar nəticəsində 150 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti