...

İran nüvə yanacağı istehsalını artıracaq - parlament üzvü

Dünya xəbərləri Materials 22 Noyabr 2010 16:08 (UTC +04:00)
İran öz tələbatlarını ödəmək məqsədilə nüvə yanacağının istehsalı potensialını artırmaq niyyətindədir.
İran nüvə yanacağı istehsalını artıracaq - parlament üzvü

İran öz tələbatlarını ödəmək məqsədilə nüvə yanacağının istehsalı potensialını artırmaq niyyətindədir. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası sədrinin müavini İsmayıl Kövsəri bildirib. Məlumatı ILNA agentliyi yayıb.

"İran nüvə yanacağı istehsalını artıracaq və öz tələbatını ödəyəcək", - Kövsəri deyib.

Vyana qrupunun nüvə yanacağı mübadiləsi haqqında təklifinin perspektivinə gəldikdə, Kövsəri bildirib ki, İran heç vaxt mübadilədən imtina etməyib, Qərb isə daim sövdələşmənin həyata keçirilməsini təxirə salır.

O həmçinin əlavə edib ki, Tehran artıq "altılıq"la (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Böyük Britaniya, Çin, RF, ABŞ, Fransa və Almaniya) danışıqlara münasibətdə öz mövqeyini bəyan edib.

"İran danışıqlar üçün yalnız Qərb tərəfindən hazırlanan şərtləri qəbul edə bilməz", - o bildirib. Bu barədə MEHR agentliyi məlumat verib.

İran nüvə proqramı üzrə danışıqların noyabrın 23-də və ya dekabrın 5-də İstanbulda keçirilməsini təklif edib. Bu təklif Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun adına yazılan məktubda edilib. KİV-in məlumatına görə, çox güman ki, Eşton danışıqların dekabrın 5-də keçirilməsi təklifini qəbul etmək fikrindədir. Lakin sammitin keçiriləcəyi yer kimi Cenevrənin seçilməsi təklif olunur.

Xəbər lenti

Xəbər lenti