...

Azərbaycanın İrandakı səfiri Tehranda keçirilən mətbuat sərgisində olub

Dünya xəbərləri Materials 30 Oktyabr 2011 19:48 (UTC +04:00)
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov oktyabrın 30-da Tehranda keçirilən XVIII Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Sərgisinə gələrək, Azərbaycan güşəsinə baxış keçirib.
Azərbaycanın İrandakı səfiri Tehranda keçirilən mətbuat sərgisində olub

İran, Tehran, 30 oktyabr / Trend müxbir T.Cəfərov/

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov oktyabrın 30-da Tehranda keçirilən XVIII Beynəlxalq Mətbuat və İnformasiya Agentliklərinin Sərgisinə gələrək, Azərbaycan güşəsinə baxış keçirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri ilə səmimi görüşən səfir, güşədə nümayiş etdirilən materiallarla tanış olub.

Güşədə maraqlı və diqqətəlayiq təbliğat materiallarının olduğunu deyən Cavanşir Axundov, səfirliyin jurnalistlərə istənilən köməyi göstərməyə hazır olduğunu bildirib.

Trend müxbürinin sualını cavablandıran səfir, İran və Azərbaycan arasında hazırda əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

Cənab Axundov noyabr ayında Naxçıvanda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşünün olacağını vurgulayaraq, bildirib ki, bu görüşün baş tutması əhəmiyyətlidir. "Görüşün baş tutması dünyaya üç qardaş ölkənin arasında nə qədər səmimiyyətin olduğunu göstərir və regionda sülh, əminamanlıq və sabitliyin yaradılması üçün atılmış əhəmiyyətli bir addımdır", - deyə Səfir Axundov bildirib.

Səfir əlavə edib ki, Naxçıvanda keçiriləcək iclasdan öncə İran və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin başçılıq etdiyi xüsusi iqtisadi nümayəndələrin iclası keçiriləcək. İclasda nazirlərin görüşü üçün sənədlər hazırlanacaq.

Səfir iclasın harada və nə vaxt keçiriləcəyini açıqlamayıb.

Daha sonra səfir sərginin təşkilatçısı olan İran İslam Respublikasının İslami-İrşad və Mədəniyyət Nazirliyinin nümayəndələri ilə görüşüb, sərgiyə baxış keçirib, o cümlədən qardaş Türkiyə Cümhuriyyətinin güşəsinə də baş çəkib.

Oktyabrın 25-də 18-ci Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Sərgisinin rəsmi açılışı olub. Sərgi noyabrın 1-də öz işini başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti