Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudandakı münaqişə tərəflərindən birinə silah və sursat tədarük etdiyi iddiası ilə bağlı KİV-də yayılan xəbərləri rədd edib.
Trend-in məlumatına görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
“KİV-də BƏƏ-nin Sudanda münaqişə tərəflərini silah-sursatla təchiz etdiyi ilə bağlı yayılan xəbərlərə gəlincə, Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra əl-Hamili bu iddiaları və ittihamları qəti şəkildə rədd edib”, - deyə məlumatda vurğulanır.
Əl Hamili əlavə edib ki, BƏƏ münaqişədə tərəf tutmur. O, BƏƏ-nin Sudanda siyasi prosesi və hökumətin formalaşdırılması üçün milli konsensusa nail olmaq səylərini ardıcıl olaraq dəstəklədiyini söyləyib. Əl Hamili qeyd edib ki, Əbu-Dabi Afrika ölkəsində humanitar vəziyyətə nəzarəti davam etdirir.