Bakı. Trend:
Bu il indiyədək Aralıq dənizi vasitəsilə Avropaya keçməyə cəhd edərkən 2500-dən çox insan ölüb və ya itkin düşüb. Həmin dövrdə təxminən 186 min insan isə Avropa ölkələrinə gəlib.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Ali Komissarlığın Nyu-Yorkdakı ofisinin direktoru Ruven Menikdiwela cümə axşamı BMT Təhlükəsizlik Şurasında bildirib ki, Aralıq dənizini keçən 186 min nəfərin 83 faizi – təxminən 130 min nəfər İtaliyaya gedib. Aralıq dənizi vasitəsilə qanunsuz yolla xaricə üz tutan insanların getdikləri digər ölkələrə əsasən Yunanıstan, İspaniya, Kipr və Malta daxildir.
Qeyd olunub ki, bu il təhlükəli dəniz keçidi zamanı ölən və ya itkin düşənlərin sayı ötən illə müqayisədə artıb. Menikdiwela, “24 sentyabr tarixinə qədər təkcə 2023-cü ildə 2500-dən çox insan ölmüş və ya itkin düşmüş hesab edilir” deyib. Bu rəqəm 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1680 nəfər çoxdur.