Bakı. Trend:
İyirmilik Qrupu (G20) ölkələrinin liderləri Paris Sazişinin effektiv həyata keçirilməsi ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə sadiq olduqlarını bəyan edib və qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün səy göstərməyə hazır olduqlarını təsdiqləyiblər.
Trend-in məlumatına görə, bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammitinin yekun bəyannaməsində qeyd edilib.
Bəyanatda deyilir: “Liderlik rolumuzu dərk edərək, Paris Sazişinin gücləndirilməsi və tam, səmərəli icrası yolu ilə İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə çatmaq üçün güclü öhdəliyimizi bir daha təsdiqləyirik. Biz əsrin ortalarına qədər istixana qazı emissiyalarını və karbon neytrallığını xalis sıfıra çatdırmaq üçün səylərimizi artıracağıq. Biz iqlim dəyişikliyinin ciddiliyini və aktuallığını anlayırıq.”
Bəyannamədə vurğulanıb ki, qlobal istiləşmənin məhdudlaşdırılması iqlim dəyişikliyinin risklərini və təsirlərini əhəmiyyətli dərəcədə azaldacaq.