Bakı. Trend:
Konqo Demokartik Respublikasında gərgin vəziyyət davam edir. Paytaxt Kinşasada "M23" üsyançılarına etiraz edən iğtişaş iştirakçıları Ruanda, Uqanda, Fransa və Belçikanın ölkədəki səfirlik binalarına hücumlar edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, etirazçılar bəzi diplomatik missiyaların binalarına daxil ola biliblər və orada qarətlər törədiblər.
Məlumata görə, polis mərkəzi küçələrdə və səfirlik binaları qarşısında təkərlər yandırıb, “M23” üsyançılaraına qarşı şüarlar səsləndirən nümayiş iştirakçılarına qarşı göz yaşardıcı qaz tətbiq edib.
Yaranmış gərginliklə əlaqədar paytaxt Kinşasanın bəzi ərazilərində “həyat dayanıb”, məktəblər və dükanların bağlandığı deyilir.
Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı gərginliyin episentri olan Qomada baş verən silahlı toqquşmalarda yüzlərlə insanın yaralandığını, küçələrdə çoxlu insan meyitlərinə rast gəlindiyini, cinsi zorakılıq hallarında kəskin artımın müşahidə olunduğunu bildirib. Bölgədən yerli sakinlərin kütləvi axını başlayıb.
Qeyd edək ki, “M23” üsyançıları ilə Konqo ordusu arasında gedən döyüşlərdə azı 17 beynəlxalq sülhməramlı həlak olub.