Bakı. Trend:
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada kütləvi etiraz aksiyaları davam edir.
Trend xəbər verir ki, etirazçılar bu dəfə Fransa və Belçika səfirliklərinə hücum edərək, diplomatik missiyaların binalarını yandırıb. ABŞ səfirliyi qarşısında isə təkərlərə od vurublar.
Etirazçılar bir gün əvvəl də Fransa, Ruanda, Belçika və ABŞ səfirliklərinə hücum etmişdilər. Nümayişçilər Fransa prezidenti Emmanuel Makronun Ruanda prezidenti Pol Kaqemə dəstək göstərməsini pisləyir və beynəlxalq koalisiyanın ölkənin şərqində hərcmərclik edən “M23” üsyançılarına qarşı hərbi müdaxiləsini tələb edir.
Etiraz aksiyaları ölkənin şərqində vəziyyətin gərginləşməsi fonunda baş verir. “M23” qruplaşmasından olan üsyançılar ildırımsürətli hücum nəticəsində Qoma şəhərini ələ keçiriblər.
Yaranmış gərginliklə əlaqədar Kinşasanın bəzi rayonlarında “həyat dayanıb”, məktəblərin və dükanların bağlandığı bildirilir.
Bundan başqa, Birləşmiş Millətlər Təşkilatı gərginliyin episentri olan Qomada baş verən silahlı toqquşmalarda yüzlərlə insanın yaralandığını, küçələrdə çoxlu insan meyitlərinə rast gəlindiyini, cinsi zorakılıq hallarında kəskin artımın müşahidə olunduğunu bildirib. Bölgədən yerli sakinlərin kütləvi axını başlayıb.
Qeyd edək ki, “M23” üsyançıları ilə Konqo ordusu arasında gedən döyüşlərdə azı 17 beynəlxalq sülhməramlı həlak olub.