Bakı.Trend:
Qərbi Afrikanın Konqo Respublikasında onlarla iri heyvan, o cümlədən azı 50 begemot Sibir yarası (qarayara - red.) xəstəliyindən tələf olub.
Trend xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, təxminən beş gün əvvəl Virunqa milli parkının əməkdaşları İşaşa çayının sularında və sahilləri boyunca begemot cəsədləri görməyə başlayıblar. Aparılan analizlər onların qarayara infeksiyasına yoluxaraq tələf olduğunu təsdiqləyib. Begemotlarla yanaşı, bu ölümcül xəstəlik camışlara da təsir edib.
Qeyd edilir ki, infeksiyanın yayılma səbəbləri və mənşəyi hələ müəyyən olunmayıb. Milli parkın işçiləri heyvanların cəsədlərini sudan çıxarıb basdırmağa çalışırlar, lakin texnikanın çatışmazlığı bu işə mane olur.