Bakı. Trend:
Dünya nizamı parçalanma dövrünə qədəm qoyur – alyansların bir-birini əvəzləməsi və Şərq və Qərb üzrə ənənəvi bölgüdən uzaqlaşma getdikcə daha aydın şəkildə özünü göstərir.
Trend xəbər verir ki, bunu Türkiyənin NATO parlament assambleyasındakı nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Mövlut Çavuşoğlu bu gün 4-cü Antalya Diplomatiya Forumunda çıxış zamanı bildirib.
"Bizim onilliklər ərzində tanıyıb-bildiyimiz beynəlxalq sistem, dərin keçid dövründən keçməkdədir", - deyə keçmiş XİN rəhbəri çoxqütblülüyün artımı və qanun-qaydaya əsaslanan dünya nizamının zəifləməsinə diqqət çəkib.
Dövlətlərin ticarət, təhlükəsizlik, iqtisadiyyat sahələrində olan maraqlarını rəhbər tutaraq yeni alyanslar formalaşdırdığını deyən Çavuşoğlu diplomatiyada güzəştə getmənin vacibliyini vurğulayıb.
“Bütün dövlətlərin vəzifəsi – təkcə rəqabət yolu ilə yox, həm də tərəfdaşlıq yolu ilə münasibətlər qurmağı öyrənməkdir”, - deyə o bildirib.
Cari keçid dövrünü eyni vaxtda həm fürsət, həm də risk kimi qiymətləndirən Çavuşoğlu siyasətçiləri beynəlxalq mühitin mürəkkəbliyinin artdığı şəraitdə uzaqgörənlik və uyğunlaşma bacarığı nümayiş etdirməyə səsləyib.
“Bizim hörmətli ekspertlərimiz bizə bütün bu məsələləri daha dərindən öyrənməyə kömək edəcək”, -deyə o forum müzakirələrinin açılışında deyib.