Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərində oğrular beton divarı deşməklə bahalı zərgərlik dükanından külli miqdarda qiymətli əşyalar oğurlayıblar.
Trend xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qarət şəhərin mərkəzində, zərgərlik dükanları və lombardların üstünlük təşkil etdiyi məhəllədə yerli vaxtda 21.30-da baş verib.
Qeyri-iş vaxtının olmasından istifadə edən oğrular divarı deşib, dükana daxil olduqdan sonra oradan bahalı saatlar və kulonlar, qızıl boyunbağılar və başqa zinət əşyaları oğurlayıblar. İlkin hesablamalara görə, dəymiş ziyan 10 milyon dollar həcmində olsa da, dükanın sahibi "Associated Press"ə 20 milyon dollar dəyərində malının oğurlandığını iddia edir.
Oğrular müşahidə kameralarına düşsələr də, hələlik onların kimliyi müəyyən edilməyib.