Bakı. Trend:
ABŞ-nin miqrasiya siyasətinə, o cümlədən, qanunsuz mühacirlərin kütləvi deportasiyasına qarşı etirazlar fonunda Los-Ancelesdə fövqəladə vəziyyət rejimi elan edilib.
Trend xəbər verir ki, bu barədə şəhər meri Karen Bass məlumat yayıb.
Komendant saatı Los-Ancelesin mərkəzi rayonlarında tətbiq olunub.
Bassın sözlərinə görə, komendant saatı bir neçə gün davam edəcək: 10 iyun saat 20:00-dan (Bakı vaxtı ilə 11 iyun saat 06:00) 11 iyun saat 06:00-dək (Bakı vaxtı ilə 11 iyun saat 16:00).
Xatırladaq ki, iyunun 6-dan etibarən Los-Ancelesdə Ağ Evin miqrasiya siyasətinə qarşı etiraz aksiyaları keçirilir. Etirazlar iğtişaşlarla müşayiət olunub və 8 iyun tarixində ABŞ prezidenti Donald Tramp ştata 2 min Milli Qvardiya əsgəri göndərib. Ertəsi gün Pentaqon Los-Ancelesə 700 dəniz piyadası göndəriləcəyini açıqlayıb.
10 iyun tarixində Kaliforniya ştatı və qubernator Qavin Nyusom ABŞ prezidentinə, Pentaqona və Müdafiə Nazirliyinin rəhbəri Pit Hegsetə qarşı Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi ilə bağlı məhkəməyə müraciət ediblər. Tramp buna cavab olaraq, qubernatorun həbsini dəstəkləyəcəyini bildirib və onu iğtişaşlara görə məsuliyyət daşıyan şəxs adlandırıb.