Bakı. Trend:
İspaniyanın “Iberia” aviaşirkətinə məxsus Madrid–Paris reysi ilə uçan sərnişin təyyarəsi quşla toqquşma səbəbindən məcburi eniş edib.
Trend xəbər verir ki, bu barədə “Elcaso” nəşri məlumat yayıb.
Uçuş başladıqdаn cəmi bir neçə dəqiqə sonra “Airbus A321” quşla toqquşub və təyyarənin burun hissəsi ciddi zədələnib.
Nəşrin qeyd etdiyinə görə, quş təyyarənin radar korpusunun yerləşdiyi hissəyə çırpılıb və toqquşma yüksək sürətdə baş verdiyindən “Airbus”un burun hissəsindən bir parça qopub.
Zədələnmə uçuşu davam etdirməyə imkan vermədiyi üçün təyyarə Adolfo Suares Madrid-Baraxas hava limanına qayıtmağa məcbur olub.
Pilot hava gəmisini problemsiz endirməyə nail olub və heç kim xəsarət almayıb.