Bakı. Trend:
2025-ci il ərzində Britaniyanın sərhədlərində təxminən 260 min saxta oyuncaq müsadirə olunub.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəli məhsul kimi sərhəddə saxlanılan bu oyuncaqların tərkibində xərçəngə səbəb ola biləcək maddələr, boğulma riski və təhlükəli naqillər kimi ciddi qüsurlar aşkarlanıb.
Müsadirə edilən oyuncaqların 90%-ni tüklü, qremlin tipli, özünəməxsus dişləri olan və Çində istehsal edilən "Labubu" kuklalarının saxta versiyaları təşkil edib.
Sərhəd Qüvvələrinin müsadirə etdiyi bu saxta məhsulların 75%-i təhlükəsizlik standartlarına cavab vermədiyindən, uşaqlar üçün ciddi təhlükə yaradır. Müsadirə edilən oyuncaqlar arasında "Jellycats", "PlayStation" kontrollerləri, "Disney" məhsulları və "Pokemon" heykəlcikləri də olub.
Bu məhsulların hamısı məhv edilib. Rəsmilər valideynlərə oyuncaq alarkən yalnız rəsmi mənbələrə üstünlük verməyi tövsiyə edib.
