Bakı. Trend:
Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstanın Qərbi Trakiya bölgəsində türklərin kompakt yaşadığı Karacaoğlan kəndindəki ibtidai məktəbə naməlum şəxslər tərəfindən edilən hücuma münasibət bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli türk etnik azlığına məxsus ibtidai məktəbin vandalizmə məruz qalmasını şiddətli şəkildə pisləyib.
“Hücumu törədən şəxslərin kimliyindən asılı olmayaraq, Yunanıstan hakimiyyət orqanlarından hadisənin tam şəkildə araşdırılmasını, təqsirkarların təxirəsalınmadan müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və zəruri tədbirlərin görülməsini gözləyirik”,- deyə sözçü bildirib.
Etnik türklərə aid məktəb 2022-ci ildə yerli hökumət tərəfindən bağlanıb. Yerli sakinlər belə hücumların sistematik xarakter daşıdığını bildirir.
Bağlanmış məktəbin hücuma məruz qalması yanvarın 4-də aşkarlanıb. Yunanıstan polisi faktla bağlı cinayət işi açıb.
