Bakı. Trend:
Sudanda müharibə 8 milyondan çox uşağı təhsildən məhrum edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bu, beynəlxalq “Save the Children” (Uşaqları qoruyun) təşkilatının bu gün yayılan bəyanatında qeyd olunub. Bəyanatda bildirilir ki, təhsil yaşında olan uşaqların təxminən yarısı, yəni 8 milyondan çox uşaq 484 gün ərzində dərsə getməyib. Bu, COVID-19 pandemiyası zamanı məktəblərin bağlanma müddətini belə geridə qoyaraq dünyada ən uzunmüddətli fasilədir.
Ərazisinin böyük hissəsi Çevik Dəstək Qüvvələrinin nəzarətində olan Darfur bölgəsi daha çox zərər çəkib. Şimali Darfur əyalətində 1100-dən çox məktəbdən yalnız 3 faizi fəaliyyət göstərir. Qərbi Kordofan əyalətində isə hazırda məktəblərin cəmi 15 faizi işləyir, bir çox müəllim isə əməkhaqlarının verilməməsi səbəbindən işini tərk edib.
Sudan üç ildir ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibənin ağır nəticələrini yaşayır.
