Bakı. Trend:
ABŞ-nin şimal-şərq bölgəsində müşahidə olunan güclü qar çovğunu yüz minlərlə insanın güzəranına təsir edib. Nyu-Yorkda əlverişsiz hava şəraiti ilə əlaəqdar fövqəladə vəziyyət elan olunub.
Trend bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Nyu-York şəhəri, Rod-Aylend və Nyu-Cersi ştatlarında səlahiyyətli qurumlar fövqəladə hallar istisna olmaqla uzaq səfərlərə qadağa tətbiq edib ki, bu da uçuşların kütləvi şəkildə ləğvinə və ictimai nəqliyyatın fəaliyyətində ciddi pozuntulara səbəb olub.
Çovğunun daha da güclənəcəyi proqnozlaşdırıldığından Nyu-York və Filadelfiya da daxil olmaqla bir sıra ştat və şəhərlərdə fövqəladə vəziyyət elan edilib.
Milli Meteorologiya Xidməti 30–60 santimetr qar, məhdud görmə şəraiti və güclü küləklər proqnozlaşdıraraq, tam görmə itkisi (whiteout) şəraitinin və uzunmüddətli elektrik enerjisi kəsintilərinin mümkün olduğu barədə xəbərdarlıq ediblər.
Nyu-York və Boston şəhərlərində dövlət məktəblərində dərslər ləğv edilib, Filadelfiyada isə təhsil onlayn formata keçirilib. Eyni zamanda Brodvey tamaşaları da daxil olmaqla çoxsaylı mədəniyyət müəssisələri və tədbirlər bağlanıb və ya təxirə salınıb.
