İranın nüvə proqramı məsələsi üzrə danışıqlarda irəliləyiş mümkündür. İran XİN-nin başçısı Manuçöhr Möttəki bu cür bəyanat verib. İran naziri qeyd edib: "Biz belə hesab edirik ki, istək olarsa, onların (AŞ və ABŞ) özləri üçün yaratdığı vəziyyətdən çıxmaq olar. Biz təkliflərin rəsmi şəkildə alınmasına ümid edirik. Təkliflər paketini öyrəndikdən sonra öz mövqeyimizi aydınlaşdıracağıq". Trend in verdiyi xəbərə görə, bu zaman o qeyd edib ki, Tehran İranın nüvə proqramı üzrə istənilən danışıqları ilkin şərtlər olmadan aparacaq.
M.Möttəki həmçinin qeyd edib ki, Atom enerjisi üzrə beynəlxalq agentliyin (MAQATE) idarə edənlər şurasının üzv ölkələri bu danışıqların iştirakçısı ola bilərlər. Bu barədə (C) Associated Press xəbər verib.
Əvvəllər AŞ-nın xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solananın dəftərxana nümayəndələri xəbər veriblər ki, o, yaxın günlərdə Tehranın nüvə proqramı ətrafında böhranın həll olunmasına yönəlmiş təkliflər paketini İrana təqdim edəcək. Hazırda AŞ-nın rəhbərliyi diplomatik kanallar üzrə Tehranla əlaqə qurub və İran hökümətinin buna reaksiyasını gözləyir. Altı beynəlxalq vasitəçidən təkliflərin Tehrana ötürülmə tarixi dəqiqləşdirilir.
İranın nüvə proqramı üzrə 1 iyunda Vyana şəhərində baş tutmuş altıtərəfli danışıqlarda tərəflər İranın nüvə böhranının həllinə yönəldilmiş təşəbbüslər paketini razılaşdırıblar. Xarici işlər nazirləri səviyyəsində olan danışıqlarda Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və AFR-in diplomatik idarələrinin başçıları iştirak ediblər.