Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Halliburton" şirkətinin başçısı Devid Lezar ilə görüşüb.
Trend in "Kazakhstan Today"-a istinadən bildirdiyi kimi, N.Nazarbayevlə görüşdükdən sonra D.Lezar bildirib ki, tərəflər neft-qaz sahəsində gələcək əməkdaşlıq haqqında məsələləri, həmçinin şirkətin Qazaxıstan iqtisadiyyatının digər sahələrindəki layihələrə sərmayə qoyması imkanlarını müzakirə ediblər. "Hesab edirik ki, hazırda bizdə işləyən Qazaxıstan mütəxəssislərinin ixtisas səviyyəsi nəinki Qazaxıstanın, həm də dünyanın digər ölkələrinin tələblərinə cavab verir", - deyə Halliburton" şirkətinin prezidenti qeyd edib.
Bundan başqa, D.Lezar bildirib ki, bu gün Qazaxıstanın sənaye və ticarət, mineral resurslar nazirləri, həmçinin "KazMunayQaz" şirkətinin prezidenti ilə görüşüb. "Biz əməkdaşlığın sonrakı inkişafı haqqında məsələlər, həmçinin gələcəkdə Qazaxıstanda sərmayə qoymağa hazır olduğumuz layihələri müzakirə etdik", - deyə o bildirib.
"Halliburton" dünyada neft və qaz sənayesində geniş xidmət göstərilməsi üzrə liderdir. Şirkətin filialı 1999-cu ildən etibarən Qazaxıstanda fəaliyyət göstərir.