...

Dövlət Komitəsi: Əsas problem qadınların nazir, icra başçısı səviyyəsində təmsil olunması ilə bağlıdır

Cəmiyyət Materials 28 İyul 2015 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Hazırda Azərbaycanda qadınların dövlətin idarəolunma sistemində təmsilçiliyi üzrə əsas problem onların ən yüksək rütbədə - nazir, icra başçısı səviyyəsində təmsil olunması ilə bağlıdır.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Komitə sədrinin müavini bildirib ki, artıq qadınlar arasında bunu bacara bilən kontingent də yetişib: "Yəqin ki, yaxın zamanlarda bunların da təyinatı baş vərəcək. Biz mərhələ-mərhələ buna hazırlaşırıq".

S.Qəhrəmanova qeyd edib ki, komitə ölkənin strukturlarında təmsil olunan qadınlarla bağlı statistik rəqəmləri toplayaraq hər il Prezident Administrasiyasına təqdim edir: "Harada zəiflik varsa, biz həmin sahədə idarəçilikdə qadınların sayının artırılmasını tövsiyə edirik. Əvvəllər bu baxımdan bələdiyyələrdən narahat idik. Ancaq hazırda bələdiyyələrdə qadınların təmsilçilik göstəricisi 35 faiz olub. İcra hakimiyyətlərində idarəçilik sistemində qadınların sayının artırılmasını istəyirdik. Artıq icra hakimiyyətlərində də müavinlərin təyinatı aparılıb. İndi mesaj bizədir ki, biz qadınlarla işləyib onları hazırlamalıyıq. Bununla bağlı da müəyyən layihələr həyata keçiririk".

Komitənin sədr müavini qadınların müəyyən strukturlarda təmsil olunması üçün kvotanın ayrılmasını da hazırkı dövrdə mümkünsüz sayır: "Beynəlxalq təşkilatlar tələb edirlər ki, kvota ilə qadınları irəli çəkin. Amma başa düşmürlər ki, biz çox çətin müharibə yolu keçmişik və müstəqilliyimizi hələ də müharibə şəraitində ola-ola qoruyuruq. Ötən illər ərzində insanların psixoloji problemləri bizim qarşımızda duran problem olub. Bunlar ilk növbədə qadına təsir edən problemlərdir. Təbii ki, qadın idarəçilik sisteminə hazırlanmalıdır. Ən vacibi odur ki, qadın bunu istəməlidir. Biz onlarla elə işləməliyik ki, onlar bunu istəsinlər. İstəmirsə, deməli, onun ya ailəsində, ya da işində problem var. Qadın öz məsuliyyətini dərk edərək vəzifəyə gəlməli, öz karyerasını qurmalıdır".

Kadr siyasətinin ən vacib və ən incə siyasət olduğunu xatırladan S.Qəhrəmanova bildirib ki, hər bir sistemdə kadr mərhələ-mərhələ yetişməlidir: "İcra başçısı özünə qadın müavin götürmək istəyirsə, onu birinci növbədə Aparata gətirməli, yaxud referent, şöbə müdiri kimi işlətməlidir. Yəni qadın həmin sistemin içinə girib orada yetişməli, sonra müavin olmalıdır".

Onun sözlərinə görə, hazırda ölkənin bir neçə rayon və şəhəri istisna olmaqla, rayon və şəhərlərin icra başçılarının müavinləri qadınlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti